İş yoxdur, yoxsa işləmək istəmirik?

# 15:08
3 dekabr 2021

Ölkəmizdə işsizlikdən şikayət edənlər varmı? Var.

Bəs işçi axtaran şirkətlər, dövlət qurumları necə, varmı? Bəli, o da var.

 

Hazırda Dövlət Məşğulluq Agentliyinin vakansiya bankında 12.500 aktiv vakansiya mövcuddur. Dövlət Statistika Komitəsindən isə bildirilir ki, təkcə Bakı şəhərinda 2021-ci il üçün 65.500 vakansiya var.

 

Bəs işçi axtaranla iş axtaran niyə bir-birini tapa bilmir?

Ya da sualı belə qoyaq: İşverənlərlə işaxtaranlar nədə razılaşa bilmirlər? Axı hər ikisinin buna ehtiyacı var.

 

Apardığımız sorğu zamanı vətəndaşların bəziləri maaşların aşağı olduğunu, bəziləri isə yaşına görə iş tapa bilmədiyini bildirdi.

 

Əslində bu bir gerçəklikdir ki, istənilən ölkədə iqtisadi vəziyyətdən asılı olmayaraq, yaxşı işçiyə hər zaman ehtiyac var. Elə iş elanlarına da baxdığımız zaman qarşımıza kifayət qədər vakansiyalar çıxır.

 

Günümüzün reallığı budur ki, universitet məzunu olmayanlar diplomu olan yüz minlərlə insanla rəqabətdədir. Belə şaraitdə əlavə nəzəri və ya praktiki məlumatları olmayan şəxslərin iş tapma şansı çox azdır.

 

Əmək Bazarının Təhlili və İnkişafı departamentinin müdiri Elman Sadıqov işsizliklə bağlı problemi bir başa dünyadakı keçid dövri ilə əlaqələndirir. Onun fikrincə, diplom və sertifikatların alınmasından daha çox bilik və bacarıqlar mənimsənilməlidir: “Faktiki olaraq cəmiyyət dəyişir tələblər dəyişir. Bu tələbləri yerinə yetirmək üçünsə əhali öz üzərində işləməlidir lazım gələrsə ixtisasını dəyişmək lazımdır. Müasir texnologiyanın tələblərinə uyğun  peşə və bacarıqlarına formalaşdırmaq tələb olunur”.

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə problemin kökünü boş vakansiyalarla bağlı vəd edilən maaşların azlığı ilə əlaqəlandırır: “Digər bir səbəb isə yuxarı əmək haqqının olmasına rəğmən bu vakant yerlərinin hələ də boş qalması məhz ixtisas göstəricilərinə uyğun kadrların  tapılmamasıdır. Deməli hazırda işsizlərin var olması  vakant yerlərinin olması yetərsizlikdən formalaşır. Bir qrupda əmək haqqının yetərsizliyi digər tərəfdən ixtisas yetərsizliyidir”.

 

Deputat Fazil Mustafa isə son illər mövcud problemin daha da qabarmasını pandemiya dövri ilə əlaqələndirir: “Pandemiya şəraitinə görə bir çox iş yerlərinin bağlanması ağır bir durum yaradıb. Özəl sektorlarda problemlər yaranıb, işçi sayını azaltmağa məcbur olublar. Əvvəllər pandemiya başlayanda işçiləri işdən çıxarmamaqla bağlı tövsiyələr var idi. Amma sonrakı dövrdə bu istiqamətdə dəstək arxa planda qaldı unuduldu”.

 

 

Ekspertlərin yekdil fikri isə belədir ki, problem özlüyündə həm işverənlərlə, həm də işaxtaranlarla bağlıdır. İşverənlərin daha çox o təklifləri cavabsız qalır ki, həmin vakansiyalar üzrə vəd edilən məvacib əməyin qarşılığını ödəmir. Ağır iş şəraiti, uzaq yol, iş saatının çoxluğu kimi amillər də bu cür vakansiyaların tez-tez dolub-boşalmasına səbəb olur.

 

İşaxtaranlarla bağlı problem isə daha çox özlərini tələbə uyğunlaşdıra bilməmələri ilə bağlıdır. Yəni dövrün əmək tələbləri, sahələri dəyişsə də, işsiz qalan şəxslərin böyük əksəriyyəti özlərini müasir təkliflərə uyğunlaşdırmırlar.

 

Bəzi hallarda isə vakansiya elanları ümumiyyətlə gerçəkliyi əks elətdirmir. Bu da insanlarda iş təklif edən qurumlarla bağlı inamsızlıq yaradır.

 

 

Nərmin Murad

Kamran Namazov 

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR