Sinəsini Laçın üçün sipər edənlər: Yurdumuz necə qorunur?

# 11:15
1 dekabr 2021

Bu gün laçın rayonun erməni işğalından azad olunmasından bir il keçir. Ötən il, Vətən müharibəsinin 44-cü günü, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarətinə keçdi. Bununla da tarixi Azərbaycan sərhədində, Azərbaycan bayrağı dalğalanmağa başladı və dövlət sərhədində Azərbaycan ordusu yerləşdirildi. Bu önəmli tarixdə biz də Müdafiə nazirliyinin xətti ilə həmin dövlət sərhədinə yollandıq. Xidmət aparan Azərbaycan ordusunun qalib əsgərlərinin şəraiti ilə tanış olduq, onlarla hal-əhval tutduq.

 

“1992-ci ildə ermənilər, erməni yaraqlıları və Ermənistan silahlı qüvvələri məhz bu istiqamətdən  Laçın rayonun kəndlərinə girdilər. 65 min nəfərədək laçınlı öz dədə-baba yurdundan məcburi köçkün düşmək məcburiyyətində qaldı. Ancaq bu gün Azərbaycan ordusu bura bayrağını sancıb, səngərini qazıb, Azərbaycan torpaqlarını qoruyur.”

 

Baş leytenant Turqut Qurbanlı Laçında xidmət etdiyi üçün qürur duyduğunu deyir: “Təbii ki, bu Laçın sərhədində, dövlət sərhədində xidmət etmək şərəfdir. Şərəf hissi ilə bu günki gün burda xidmət edirik. Əsgərlərimizlə mövqedə durmaq bizim üçün qürur verici hissdir. Bunu yaşamaq hər bir zabitə, hər bir əsgərə nəsib olmur.”

 

Kiçik çavuş Sərxan Mikayılov da sərhəddə xidmətindən sevinclə danışır: “Masallı rayonundan iki ildir xidmət edirəm. Xidmət də super gedir.”
 

Modul tipli hərbi hissədə əsgərlərin yaxşı xidmət apara bilməsi üçün hər cür şərait yaradılıb. Yeməyindən tutmuş yatacağına kimi hər şey qənaətbəxşdir.

 

Laçın rayon Cağazur kəndi ərazisindəyik. Ermənistan Silahlı Qüvvələri 1992-ci il mayın 18-də məhz bu dağları keçərək, kəndə hücum etdi. Kəndin müdafiəsinə qalxan kənd sakinlərindən 3 nəfər şəhid oldu. Ermənilər kəndi işğal etməyə nail ola bildi. Operatorumuz burdan kəndin görüntülərini göstərsin, kənd tamamilə dağıdılıb, viran qalıb. Yollar cığırlar hamısı itib. Azərbaycan dövləti artıq kəndə yeni yol çəkib. Bu yol Cağazura gedir. İnanırıq ki, ən qısa zamanda cağazurlular öz kəndinə qayıdacaq, öz dağlarına qayıdacaq, burada salınan yeni kənddə başı yaylıqlı analarımız, ocaq çatıb yuxa bişirəcək, samovar qaynadacaq, laçın oğlanlarımız, ərənlərimiz  bu dağlarda öz atlarını çapacaq.”

 

Bəli, 1 dekabr Laçının işğaldan azad olunduğu gün kimi tarixə düşdü. Laçın dağları, artıq laçın ərənlərin nəzarətindədir.

 

Habil Aslanoğlu, Ziya İsmayılov  APA TV -Laçın

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR