Şirvanda şəhid topçuya xatirə lövhəsi qoyuldu

# 15:38
4 may 2021

Torpaqlarımızın düşmən tapdağından azad olunmasında qəhrəmancasına vuruşaraq şəhid olmuş  Emil Tərlan oğlu Hümbətova yaşadığı binanın üzərində xatirə lövhəsi qoyulub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, açılış mərasimində şəhidin yaxınları, müəllimləri, dostları, əsgər yoldaşları və şəhər ictimaiyyəti iştirak edib.

Şəhid Emil Tərlan oğlu Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. Həqiqi hərbi xidmətdə şəhid general Polad Həşimovun əsgəri olub. Hərbi xidməti başa vurub qayıtsa da, general Polad Həşimovun şəhid olma xəbərini eşidib orduya könüllü yazılır.

27 sentyabrda döyüşlərə qatılan Emil şəhid olduğu ana qədər, 15 gün ərzində döyüşlərdə olduğunu gizlədir, valideynləri narahat olmasın deyə Beyləqanda olduğunu deyir.

Atası Tərlan Hümbətov deyir ki, Emil 4 il Türkiyədə yaşayıb. Evin tək oğul övladını evləndirmək üçün geri qaytarsalar da bu arzularına çata bilməyiblər: “Emili Türkiyədən gətizdirik ki, toyun edək. Toy da eləmək qismət olmadı. 21-də çağırış gəldi özü könüllü yazılmışdı. O da ki, Polad Həşimov o vaxtı onun komandiri olmuşdu. Türkiyədən gələndən sonra gördü ki, Polad Həşimov Şəhid olub, o da getdi özü könüllü yazıldı. 21-də yola düşdü, 2-3 gündən bir zəng edirdi. Deyirdi özünüzdən muğayat olun. Özün heç fikirləşmirdi. Füzuli istiqamətində döyüşlərdə idi, amma yerin demirdi. Deyirdi elə Beyləqandayam, biz də elə bilirdik. Oktyabrın 11-də saat 11-də zəng elədi danışdıq elə həmin günü saat 2-də şəhid oldu. Döyüşdə olan uşaqlar gəlmişdilər yaralı idilər, hətta yaralılardan Emil 5-6 nəfər çıxarmışdı”.

Anası Sevinc xanım deyir ki, iyul ayında Emilin komandiri olmuş general Polad Həşimovun şəhadətindən sarsılan oğlu müharibə başlasa gedəcəyini deyirmiş: “Uşaqla uşaq, böyüklə böyük idi. Vətənpərvər idi. Hər dəfə məni sıxırdı bağrına deyirdi, ana, mənimlə fəxr et ki, mənim kimi oğlun var. Mənimlə fəxr edəcəksən. Sən demə şəhidliyə ucalacaq imiş.  Tovuz döyüşləri zamanı Polad Həşimovun ölümü Emili sarsıtmışdı. Könüllü yazılmışdı. Hərbi biletin verdi dedi ki, orduya könüllü yazılmışam. Dedi ki, müharibə olsa gedəcəm. Mənim komandirim şəhid olub. Üstündən bir az keçdi hərbi komissarlıqdan zəng gəldi dedi ki, mama təlimə gedirəm. Ordan da zəng edirdi ki, bir rabitə olmaz dağlardayıq. Deyirdim hardasınız deyirdi Beyləqandayıq. Axırıncı dəfə zəng edəndə dedim Emil sən orda neynirsən, dedi mən manqa başçısıyam”.

Emilgil ailədə bir bacı və bir qardaş olublar. Bacısının Asra adlı qızı var. Emil bu balacaya çox bağlı imiş. Hər dəfə cəbhədən telefonla danışanda Asranı xüsusi olaraq soruşarmış. Qardaşı ilə fəxr edən Aytac indi özünü sanki arxasız, dayaqsız hiss etdiyini deyir:   “Qardaşımla əvvəl də fəxr edirdim, indi daha da fəxr edirəm. Gözəl bir insan, bacı və qardaş necə ola bilər? Arxa, dayaq, həmişə də dayağım olub. İndi özümü arxasız dayaqsız biri kimi hiss edirəm. Bacım da yoxdur, heç olmasa, ən azından bir qardaşım var idi. Onunla təsəlli tapıram ki, o olmasa da onun qoyub getdiyi ad bizim üçün bəsdir. Anama atama səbr diləyirəm. Bütün şəhid ailələrinə səbr diləyirəm. Hər dəfə telefonla danışanda qəhər məni boğurdu, danışa bilmirdim. Axırıncı dəfə danışdım dedim 30 oktyabrda ad günü olacaqdı, dedim, Emil, gələcəksən ad gününə? Qızımı Asranı soruşurdu. Deyirdi Asradan ehtiyyatlı ol”.

Emil Hümbətov oktyabrın 11-də Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 12-də Şirvan şəhərinin şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə əsgər Emil Tərlan oğlu Hümbətov ölümündən sonra “Füzulinin azad olunması uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR