Sovet dövründə katiblərin sürdüyü maşın qusarlı ustanın əlinə necə düşdü?

# 15:28
19 yanvar 2023

Qusar sakini Gülmət Şahbazovun 70 yaşı var. O retro maşınların həvəskarıdır. Onun bu qəbildən olan iki avtomobili var.

 

1947-ci ildə istehsal olunan QAZ–M20(Pobeda) və 1953-cü ildə istismara verilən QAZ-12 (ZİM) markalı avtomobillər.

 

Onun gündəlik istifadə etdiyi QAZ-12 saz vəziyyətdədir. 70 il əvvəlin maşını olsa da heç vaxt sahibini yolda qoymayıb.

 

O, bu avtomobili 35 il öncə Quba sakinindən alınıb. G.Şahbazov sovet vaxtında QAZ-12 üçün üç min rubl ödəyib. Bu avtomobili sürmək onun atasının arzusu olub. Sonradan xarab olan avtomobil uzun illər istifadəsiz qalıb.

 

Təmir zamanı “QAZ-12”nin zavod istehsalı detallarının demək olar hamısı saxlanılıb. Amma motoru və sürətlər qutusu daha güclüsü ilə əvəz olunub. Təmirə təxminən 14-15 min manat pul xərclənib. 2016-cı ildə maşın təmir olunaraq yenidən yollarda şütüməyə başlayıb.

İki tondan çox çəkisi olan avtomobilin uzunluğu 5,5 metrdir. 1949-1959-cu illərdə bu avtomobillərdən cəmi 21 min 500 ədəd istehsal olunub. Buraxılışının ilk illərində “QAZ-12” markalı avtomobillərdən yüksək vəzifəli məmurlar xidməti maşın kimi istifadə edib.

Gülmət Şahbazovun retro avtomobilini toylar üçün tez-tez sifariş verirlər. Gəlinini “ZİM”də gətirmək istəyənlər 100 manat xərcləməlidir. Belə sifarişlər şimal bölgəsi rayonları ilə yanaşı Bakı şəhərindən də olur.

 

Gülmət ustanın digər retro avtomobili isə yaxın günlərdə saz vəziyyətə gətiriləcək. 76 ilin “Pobeda”sının təmiri yekunlaşmaq üzrədir.

Gülmət Şahbazov avtomobillərinin retro maşın kolleksiyaçılarının diqqətini çəkəcəyinə inanır. Yaxşı qiymət verilərsə hər iki avtomobili satmaq istəyir. Usta “ZİM” markalı avtomobilinə 50 min, “Pobeda”ya isə 20 min manat qiymət qoyub.

 

Gülmət Şahbazov gənc yaşlarından ustalıqla məşğuldur. Əvvəllər parket döşəmək üzrə, evlərin damını vuran usta, sonralar dəmirçi kimi fəaliyyət göstərib. Son 10-15 ildə isə özünə məxsus avtomobil təmiri sexində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR