ÜST-dən omikron açıqlaması - QAPANMALAR OLACAQ?

# 15:41
7 fevral 2022

Azərbaycan Tibb Universitetində "Təcili Tibbi Yardım Sistemi və Akademik Tədrisdə Təcili Tibb" mövzusunda simpozium keçirilib.

 

7-12 fevral tarixlərini əhatə edən Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində keçirilən tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli və təcili yardım üzrə beynəlxalq ekspertlər, qurumların təcili yardım şöbəsində işləyən əməkdaşlar iştirak ediblər.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov səhiyyə sektorunda geniş islahatlar aparıldığını diqqətə çatdırıb: “Təcili tibbi yardım xidmətinin gücləndirilməsində xarici təcrübənin vacibliyi önəmlidir. Ümid edirik ki, biz bu təcrübəni qısa zamanda ölkənin hər bir hissəsində tətbiq edəcəyik. Vətəndaşlarımız təcili tibbi yardım xidmətlərindən daha yaxşı səkildə faydalana biləcəklər. Baş verən neqativ hallar da ən qısa zamanda aradan qalxır”.

 

ATU-nin Tədris və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Samir Cavadov isə 2019-cu ildən etibarən yeni tədris proqramına Təcili tibb dərslərinin əlavə olunduğunu bildirib: “2021-ci ilin dekabr ayından Azərbaycan Tibb Universitetinin elmi şurası Təcili tibb kafedrasının yaradılması haqqında qərar qəbul etdi. Bununla da Təcili tibb dərslərini tədris edən kafedra formalaşdırılmağa başlanmışdır”.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı

Təmsil etdiyi qurumun təcili yardımla bağlı daim layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, bu həftə başlayacaq təlimlərin türkiyəli həmkarlar tərəfindən həyata keçiriləcəyini xatırladıb.

 

Hande Harmancı omikrona görə qapanmalarla bağlı məsələyə də münasibət bildirib: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Özümüzü qorumağa çalışmalıyıq".

 

Qeyd edək ki, simpoziumdan sonra "Xəstəlik hallarının idarə olunması” və “Təcili Yardım Şöbəsinin İdarə Olunması” kurslarının tədrisinə də start verilib. “Xəstəlik hallarının idarə olunması" kursu hər biri həftə ərzində iki dəfə olmaqla tədris ediləcək.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR