Xızı dağlarında yerləşən sirli qaladan REPORTAJ

# 18:52
12 yanvar 2022

Xızı dağları gözəlliyi ilə bərabər qədim tariximizin izlərini də özündə qoruyub saxlayır.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Dəniz səviyyəsindən təxminən 1200  metr yüksəklikdəki qala-şəhərin qalıqları olan əraziyə çatmaq üçün 2-3 saat piyada yol qət etmək lazımdır. Qalaya gedən yol Milli Parkın doqquz nömrəli turizm marşrutu üzərində yerləşir. Çətin keçilən meşə cığırları ilə iki kilometrdən çox yol qət etdikdən sonra qala divarlarının ilk nümunələrinə rast gəlinir.

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Xızı bölgəsi üzrə baş mütəxəssisi Tural Babayevin sözlərinə görə, V-VII əsrlərə aid olan tarixi abidə qala divarları və qalıqlarından ibarətdir. Qala, çay və qayadan qoparılan daşlarla, əhəng məhlulu ilə tikilib. Yerli sakinlər arasında Qız qalası və Şamil qalası kimi adlandırılır: “Burada salamat qalan qala bürcləri üç formada - dairəvi, yarımdairəvi və aypara şəklindədir. Qala-şəhər cənub və qərbdən sıldırım qayalarla, şimal və şərqdən isə müdafiə divarları və bürclərlə əhatə olunub. İlkin ehtimala görə, qala-şəhərin ümumi ərazisi 90 min kvadrat kilometrdir. Müqayisəli şəkildə qeyd edilsə bu qala-şəhər İçərişəhərin az qala yarısı böyüklükdədir. Qala müdafiə xarakterlidir. Bu məlumatlar ilkin ehtimallarımızdır. Təsdiqlənmiş məlumatlar üçün ərazinin arxeoloqlar, tarixçilər və digər aidiyyəti üzrə mütəxəssislər tərəfindən araşdırılması lazımdır”.

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin mütəxəssisləri qala-şəhərə ilk dəfə 2021-ci ilin noyabr ayında baxış keçirib. Müəyyən olunub ki, qalanın günümüzədək gəlib çıxan iki hissəsi mövcuddur. Şimal istiqamətdə qala divarları 6 hektar ərazini əhatə edir və giriş qapılarının da bu istiqamətdə olduğu ehtimal edilir. Tural Babayev deyir ki, zirvəyə doğru 500 metr məsafə qət etdikdən sonra qala divarlarının salamat qalan daha bir hissəsinə rast gəlinir: “Qala şimaldan gələn yadelli işğalçılardan qorunmaq və ətraf yolları nəzarətdə saxlamaq üçün nəzərdə tutulub. Qala divarları ilə əhatə olunmuş müxtəlif növ tikintilər mövcuddur. Qalanın mərkəzində,  torpaq təbəqəsinin altında saxlanc və ya digər məqsədlər üçün nəzərdə tutulan otaqlara rast gəlinir. Tikintidə istifadə olunan qaya daşları elə yaxınlıqdakı ərazidən daşınıb. Ətraf qayalara baxanda bunun izlərini görmək olur. Bişmiş kərpicdən və əhəng məhlulundan da istifadə olunub. Yonulmuş daşlar nömrələndiyini müşahidə edirik”.

 

Altıağac Milli Parkının mühafizə yegeri Elvin Ələkbərov deyir ki, qalanın qalıqlarının yerləşdiyi relyef mürəkkəb olsa da, Milli Parka gələn turistlər tarixi məkana səyahət edirlər. Bu əraziyə ancaq turizm marşrutu üzrə bələdçilərin müşayiəti ilə hərəkət etmək tövsiyə olunur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR