Zəngəzur Dəhlizi Ermənistan üçün niyə vacibdir?

# 17:14
27 oktyabr 2021

26 oktyabrda  təkcə Azərbaycan və Türkiyə deyil, bütün dünya daha bir tarixi günə şahidlik elədi. İki qardaş ölkənin Prezidentlərinin iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur Dəhlizinin təməli qoyuldu.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh  Məmmədov Prezidentlərə Zəngəzur Dəhlizi ilə bağlı məlumat verdi: “Bu gün təməli qoyulacaq yol isə Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir”.

 

Uzunluğu toplam 3610 metr olacaq yolun üzərində 3 tunelin inşa edilməsi gözlənilir. Hazırda Zəngilan ərazisində tikintisi həyata keçirilən dördüncü tunelin artıq 160 metr uzunluğunda işlər  görülüb.

 

Mütəxəssislər hesab edir ki, yeni çəkiləcək Zəngəzur dəhlizi yolu artıq Azərbaycan-Ermənistan münasibəti çərçivəsindən çoxdan çıxıb. Bu dəhliz daha çox qlobal mahiyyətli  dəhliz rolunu oynayacaq.

 

Deputat Bəhruz Məhərrəmov deyir ki, Azərbaycan, eləcə də bu layihədən faydalanacaq hər kəs Dəhlizin açılmasında maraqlıdır: “Ermənistan hazırkı miskin aciz durumunda hətta Ermənistanın havadarları hansı ki, siyasətdə uduzmuş olan tərəflər Azərbaycanda xüsusi ilə Cənubi Qafqazda milli mənafelərini təmin edə bilməyən artıq bu layihəni durdurmaq gücü yoxdur. Azərbaycan eləcə də bu layihədən faydalanacaq hər kəs bu layihənin açılmasında maraqlıdır. Bunu hər kəs bilməlidir ki, Azərbaycan Prezidenti bu günə kimi nəyi deyibsə edib və heç şübhəsiz ki Zəngəzur dəhlizi də qısa müddətdə reallaşacaq”.

 

Zəngəzur dəhlizinin bütövlükdə qapalı olması uzun illər ərzində regionun inkişafı üçün çox ciddi maneələr törətmiş, bunun nəticəsində Azərbaycan və müttəfiqlərimiz daha uzun yoldan istifadə etməyə məcbur edilmişdir.  Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq.

 

Bu gün bütövlükdə Azərbaycan Şərqlə-Qərb arasında çox ciddi şəkildə nəqliyyat əlaqələrinin kəsişdiyi mühüm regiona  çevrilib. Hansı ki, Azərbaycan bu əlaqələrə sahib olmaq üçün həm iqtisadi, həm də siyasi güc və nüfuza sahibdir.

 

Deputat Tahir Mirkişili hesab edir ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadi siyasətin konturları formalaşır: “Burda yeni məhsul istehsal etmək, daha innovativ yanaşmaq, məhsulu daha çox ixraca yönəltmək baxımından baxsaq bu bölgələrimizin gələcəkdə Türkiyə, Avropa bazarlarına və yaxud həmin bölgəyə investisiya qoyan xarici şirkətlərin öz bazarlarına daha sürətlə çıxarmaq baxımından Zəngəzur dəhlizinin açılması kifayət qədər önəmlidir. Bundan imtina etmək sadəcə siyasi gələcəyi görməmək baxımından veriləcək”.   

 

Zəngəzur dəhlizinin gələcəkdə fəaliyyətə başlaması bütün regional ölkələr üçün xüsusi əhəmiyyət kəsb edəcək. Bu dəhlizin bərpası imkan verəcək ki, Çindən, Hindistandan, Orta Asiyadan Türkiyə və Avropaya məhsullar daşınsın. Bu isə tarixi İpək yolunun bərpası deməkdir.

 

Strateji əhəmiyyətə malik dəhlizin açılması eyni zamanda Ermənistana da öz müsbət təsirini göstərəcəyini deyən iqtisadçı hesab edir ki, Ermənistan qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər.

 

İqtisadçı ekspert Natiq Cəfərli isə bu Dəhlizin Ermənistan üçün də olduqca vacib layihə olduğunu deyir: “Çünki Ermənistan logistik dalana qısılıb. Bu ölkənin yeganə çıxışı İrana və Gürcüstan üzərindən Rusiyaya və Avropa ölkələrinədir. Bu da ciddi çətinliklərə və Ermənistanın maliyyə sıxıntılarının olmasına gətirib çıxarır. İndi isə Ermənistan həm Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Şimal-Cənub, Şərq-Qərb magistrallarına da qovuşa bilər. Bununla da öz mənasız düşüncələrini bir kənara qoysa əslində Ermənistan üçün də vacib bir layihədir”.

 

Bəs Zəngəzur dəhlizi İran üçün hansı cəlbedici vədlər verir? Natiq Cəfərlinin sözlərinə görə, bu dəhlizin açılması İranın iqtisadi maraqları üçün olduqca vacib sayıla bilər: “İran uzun illər sanksiyaların tətbiq olunduğu ölkə olaraq blokada şəraitində yaşayırdı. Əlavə yolların və infrastrukturun olması İran üçün vacib məsələdir. Azərbaycan üzərindən Rusiyaya, Baltik dənizinə kimi, həm də Orta Asiya respublikalarına çıxış əldə edir, həm Şər-Qərb dəhlizinə qoşula bilir həm də Fars körfəzindən Baltik dənizinə kimi yeni marşrutların yaranmasına səbəb olur. Sadəcə İranın son zamanlar siyasi maraqları və ambisiyaları zaman-zaman önə çıxdığına görə məsələnin həllində müəyyən problemlər yaranırdı. Artıq son günlər müşahidə edirik ki, İran da bu layihənin reallaşa biləcəyini zamanı qazanacağı dividentləri görür və münasibət yavaş-yavaş dəyişir.” 

 

O ki qaldı Zəngəzur dəhlizinin açılmasında Rusiyanın mənfəətinə, ekspertlər hesab edir ki, Rusiya Azərbaycan üzərindən Ermənistana dəmiryolu və avtomobil yolu əldə etmiş olur. Bundan əvvəl Ermənistanı Rusiya ilə bağlayan yeganə yol Gürcüstan üzərindən keçən Lars yolu idi ki, bir yandan həmin yolun köhnə olması, digər tərəfdən də ensiz yolun qış və yaz aylarında təbii fəlakətlər zamanı bağlanması Rusiya üçün heç də əlverişli hesab edilmir. Bununla yanaşı Gürcüstan Rusiya münasibətlərinin də gərgin olması səbəbindən yolun mütəmadi bağlanması Rusiyanın maraqlarına xidmət etmir. Yeni dəhliz yolunun çəkilməsi isə bütün bu maneələri aradan qaldırmış olacaq.

 

 İlahə Vəliyeva, Samir Qaragözov, APA TV  

   

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR