Azərbaycanda çay çəkici müəssisənin satışı üzrə investisiya müsabiqəsi keçirilir

Azərbaycanda çay çəkici müəssisənin satışı üzrə investisiya müsabiqəsi keçirilir
# 10 dekabr 2008 07:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Bakı Çayçəkici» ASC-nin səhmlərinin 93,96%-nin (85% + əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalan 8,96% hissəsi) satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Əsas fəaliyyət növü çay xammalının emalı olan müəssisənin nizamnamə kapitalı 171 740 manat, buraxılmış səhmlərinin sayı 85 870 ədəd, səhmlərinin növü sənədsiz adlı, bir səhmin nominal dəyəri 2 manatdır. İnvestisiya müsabiqəsinə ümumi nominal dəyəri 161 360 manat olan 80 680 səhm çıxarılıb. Səhmdar cəmiyyətinin qeyri-maddi aktivləri və digər müəssisələrdə iştirak payı yoxdur.
Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 49 062,92 manat, o cümlədən əməkhaqqı və ona bərabər borclar 3 822,85 manat, mal, iş və xidmətlərə görə borclar 939,38 manat, debitor borcları isə 470 880,68 manatdır.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
Təqdim olunacaq İnvestisiya Proqramında mövcud avadanlıqların bərpası və ya yeni avadanlıqların alınması, məhsul çeşidinin artırılması, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılmasına dair təkliflər əksini tapmalıdır.
İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə Planı ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 2009-cu ilin yanvarın 12-dək müraciət edə bilər. İddiaçıların ərizə və təkliflərinin qəbulu da həmin gün başa çatacaq. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi isə yanvarın 15-də həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR