ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı müharibə başa çatdıqdan sonra Yaxın Şərqdə həyata keçiriləcək fəaliyyət strategiyası üzərində işləyir.
Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, administrasiya İranı çəkindirməyə və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasını genişləndirməyə yönəlmiş müharibədən sonrakı strategiya hazırlayır.
ABŞ Tehranı çəkindirmək məqsədilə regiondakı müttəfiqlərdən ibarət birlik formalaşdırmağa və Vaşinqtonun bu birliyin qarantı kimi çıxış etməsinə ümid edir.
Bundan əlavə, Tramp administrasiyası Qəzza zolağında münaqişənin nizamlanması planının növbəti mərhələsinə keçmək, həmçinin Suriya ilə İsrail arasında sülh razılaşmasının əldə olunması və İsrail-Livan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.
ABŞ həmçinin İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına nail olmağa çalışır.
“Axios” qeyd edir ki, planın hazırlanması hələ ilkin mərhələdədir. İş həm ABŞ-ın ali siyasi rəhbərliyi səviyyəsində, həm də bir sıra dövlət qurumlarında texniki səviyyədə aparılır.