“Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir”.
APA xəbər verir ki, bunu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
Onun sözlərinə görə, layihə tamamlandıqdan sonra Ağsu (36 min ha), İsmayıllı (2 min ha) və Şamaxı (17,5 min ha) (3 rayon üzrə 56,3 min ha) rayonları da daxil olmaqla geniş ərazilərdə dayanıqlı su təminatı olan suvarma sahələrinin formalaşmasına mühüm imkan yaranacaq: “Layihə çərçivəsində magistral kanalın uzunluğu 204 kilometr, suburaxma qabiliyyəti 180 kubmetr/saniyə, ümumi suvarma sahəsi isə 228 min hektar təşkil edəcəkdir. Respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatının yaxşılaşdırılması və 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Tikintiyə 2024-cü ildə başlanılıb, işlərin 2027-ci ildə tamamlanması planlaşdırılıb. Bu layihə Dağlıq Şirvan iqtisadi rayonunun aqrar potensialının daha səmərəli reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır”.