“Abşeronneft” NQÇİ ötən il rekorda imza atıb

“Abşeronneft” NQÇİ ötən il rekorda imza atıb
# 10 yanvar 2017 12:10 (UTC +04:00)

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-qazçıxarma İdarəsi (NQÇİ) 2016-cı il ərzində nəzərdə tutulan 313 min 900 ton plana qarşı 363 min 671 ton neft hasil edərək, planın 115,9% yerinə yetirilməsinə nail olub.

“Azneft” İB-dən “APA-Economics”ə verilən məlumata görə, plandan əlavə 49 min 771 ton neft hasil edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə, neft hasilatı 40 min 450 ton, yəni 12,5% artıq neft əldə edilib. 2017-ci ildə neft hasilatının 385 min tona çatdırılması (yəni orta gündəlik 1055 ton) qarşıya hədəf qoyulub.

İllər üzrə dinamikadan da göründüyü kimi, 1986-cı ildən etibarən sürətlə azalmanın baş verdiyi “Abşeronneft” NQÇİ son illər ərzində ilbəil neft hasilatının artımına nail olub.

Ötən il qaz hasilatı planı da artıqlaması ilə – 101% yerinə yetirilib. Plan üzrə 44 mln. 200 min kubmetr qaz əvəzinə 44 mln. 666 min kubmetr qaz hasil edilib. Yəni plandan əlavə 466 min kubmetr qaz əldə edilib.

Rekord həddə çatmada əsas təsiredici amillərdən biri, idarənin balansındakı quyu fondu üzərində aparılan əməliyyatların bəhrəsi olub. Bunun nəticəsidir ki, keçici quyu fondundan 2012-ci ildə 168 min 554 ton, 2013-cü ildə 204 min 756 ton, 2014-cü ildə 236 min 044 ton, 2015-ci ildə 272 min 696 ton, bu il isə 305 min 896 ton neft alınıb. Cari il ərzində fəaliyyətsiz quyu fondundan 24 quyu nəzərdə tutulduğu halda 33 quyu təmir edilərək istismara qaytarılıb.

Hasilatın artmasının başlıca amillərdən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olmuşdur. Belə ki, cari il ərzində qazmadan 23 yeni quyu istismara daxil edilib və bu quyulardan 42 min 912 ton neft hasil edilib.

İstismarda olan quyularda neft hasilatını stabil saxlamaq məqsədi ilə il ərzində çoxsaylı geoloji-texniki tədbirlər keçirilmiş və onlardan müsbət nəticələr alınıb. Görülən işlərlə yanaşı 2013-cü ildən başlayaraq idarədə erlift üsulu ilə işləyən quyuların sayı surətlə artıb. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin sonunda 88 quyuya çatdırılıb. Bu quyulardan hasil edilən neft 1984 tondan bu ilin sonunda 101 min 589 tona çatdırılıb.

İdarədə yeni texnika və texnologiyanın tətbiqinə də geniş yer verilib. Bu il ərzində quyudibi zonanın turşu ilə işlənməsi 25 quyuda tətbiq olunmuş və 510 ton əlavə neft alınıb. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq olunmuş və 290 ton əlavə neft alınıb.

Son illər ərzində idarənin istismar etdiyi yataqlarda irimiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilib. Belə ki, 11 stasionar dəniz özülü əsaslı təmir edilib və bu özüllərdə fəaliyyətsiz fondda olan 34 quyu əsaslı təmir edilərək istismara qaytarılıb. Hazırda bu quyulardan sutkalıq 100 ton neft alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR