AVRO-2018: Azərbaycanın futzal üzrə millisi ¼ finala yüksəlib

AVRO-2018: Azərbaycanın futzal üzrə millisi ¼ finala yüksəlib
# 02 fevral 2018 19:47 (UTC +04:00)

Futzal üzrə milli komandamız bu gün AVRO-2018-in final mərhələsində ilk qrup matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada təşkil olunan qitə birinciliyində yığmamız Fransaya qarşı debüt edib.

Ardıcıl beşinci dəfə nüfuzlu turnirin final mərhələsinə qatılan komandamız qalib gələcəyi təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Çünki qrupun ilk görüşündə fransızlar İspaniya ilə bol qollu heç-heçəyə (4:4) imza atmışdılar.

Görüşə aramsız hücumlarla başlayan Joze Alesio da Silvanın yetirmələri erkən qolla yadda qalıblar. Buna baxmayaraq, fransızlar çox keçmədən "status-kvo"nu bərpa ediblər. İlk hissə 1:1 hesabı ilə nəticələnib.

İkinci hissə başlar-başlamaz fransızlar 2-ci dəfə komandamızı mərkəzə dəvət ediblər. Lakin erkən toparlanan millimiz 2 dəqiqə ərzində nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib. Hər iki topun müəllifi olan Bolinya het-trikini rəsmiləşdirib. Digər "braziliyalılarımız" Everton Kardoso və Eduardo Borqes də hərəyə bir dəfə fərqlənərək, yığmamızın inamlı qələbəsinə töhfə veriblər. Rəqibin isə gücü hesab arasındakı fərqi azaltmağa çatıb.

Bununla da, Avropa çempionatına uğurlu start götürən Azərbaycan yığması 1/4 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qeyd edək ki, bu qrupun son görüşü fevralın 4-də Azərbaycanla İspaniya arasında keçiriləcək.

AVRO-2018

D qrupu

2 fevral

Fransa - Azərbaycan - 3:5

Qollar: Landri Nqala, 6.59; Abdessamad Mohammed, 20.05; Suheyl Muhudine, 39.33 - Bolinya, 2.26, 22.02, 24.30; Everton Kardoso, 28.56; Eduardo Borqes, 37.09

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR