Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri Çevik Polis Alayında keçirilən tədbirlərdə iştirak ediblər

Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri Çevik Polis Alayında keçirilən tədbirlərdə iştirak ediblər
# 24 avqust 2017 09:14 (UTC +04:00)

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri Daxili İşlər Nazirliyinə tabe olan Əlahiddə Çevik Polis Alayında avqustun 14-də, 16-da və 19-da təşkil olunan tədbirlərdə iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəıbərə görə, tədbir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün təsdiq olunmuş dövlət proqramına əsasən polis əməkdaşlarının bu sahədə maarifləndirilməsi məqsədilə keçirilib.

Qeyd olunub ki, son zamanlar bütün ölkələri narahat edən əsas məsələlərdən biri narkomaniyanın yayılmasıdır. Narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi, ölkədə də narahatçılıq doğurur, mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür.

Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir. Bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamırlar və ya anlamaq istəmirlər. Bu səbəbdən də maarifləndirmə işi narkomaniyaya qarşı mübarizədə ön plandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR