Qubada “Quba tarixi” kitabının təqdimatı olub

Qubada “Quba tarixi” kitabının təqdimatı olub
# 28 oktyabr 2016 14:04 (UTC +04:00)

Bu gün Qubada tarix üzrə elmlər doktoru, professor Şahin Fazilin “Quba tarixi” kitabının təqdimat mərasimi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, təqdimat mərasimində Quba rayon İcra Hakimiyyətinin müavini Rəxşəndə Bayramova çıxış edərək kitabın əhəmiyyətindən bəhs edib. Sonra professorlar Tofiq Mustafazadə, Kərim Şükürov, İmadəddin Zəkiyev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Eynulla Mədətli, Dilavər Əzimli, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, şair Ramiz Qusarçaylı və başqaları kitabın müəllifi Şahin Fazil və “Quba tarixi” kitabı haqqında təəssüratlarını bölüşüblər.


Kitabın müəllifi Şahin Fazil kitabın yazılmasından, onun qaynaqları və məzmunu haqqında ətraflı məlumat verib. Müəllif bildirib ki, əsərdə IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyindən keçən ədəbi-bədii, mədəni proseslər zaman axarı ilə, xronoloji ardıcıllıqla izlənilib. “Quba” istilahının etimologiyasından başlamış Qubada, onun kəndlərində yaşayan əhalinin etnik tərkibi, Azərbaycanın bir parçası kimi əsrlərlə onun yaşadığı çətinlikləri bölüşərək müxtəlif sınaqlardan çıxmağı bacaran insanların yaşam tərzi, fədakarlığı, mədəni və təsərrüfat həyatının təsvirinə qədər çoxsaylı məsələlər əks olunub. Qədim və orta əsrlər dövrü, xanlıqlar mərhələsi, bir-birini əvəz edən tarix aşırımları, xüsusilə günümüzün yeni, ilk addımlarını atan müstəqillik erası faktlar, sənədlərlə işıqlandırılıb.


“Quba tarixi” kitabı “TEAS Press” Nəşriyyat Evi tərəfindən nəfis tərtibatda nəşr olunub. Kitab tarixçi tədqiqatçılar, tələbələr, Azərbaycan tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təqdimat zamanı “TEAS Press” Nəşriyyat Evinin nəşr etdiyi kitabların satış sərgisi də təşkil edilib. Nəşriyyat Evi Quba rayonunun bəzi kənd və məktəb kitabxanalarına “Quba tarixi” kitabını hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR