Nəqliyyat sektorunda sərnişindaşıma 2,3% artıb

Nəqliyyat sektorunda sərnişindaşıma 2,3% artıb
# 15 sentyabr 2017 15:30 (UTC +04:00)

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 150,1 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,9% artım müşahidə olunub.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 3,6%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 64%-i avtomobil nəqliyyatı, 26%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,8% artaraq 113,7 mln. ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,4% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,5% təşkil edib.

2017-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 1 mlrd. 262,4 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88%-i avtomobil nəqliyyatı, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust ayları ərzində 9,4 mln. ton yük, 1,6 mln. sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,9% azalma, sərnişin daşınmasında isə 29,2% artım müşahidə olunub.

Orta hesabla sutkada 347 vaqon yüklənib, 406 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,2 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 5 mln. 331,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52% artıb. Yüklərin 49,3%-ini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 6 mln. 909,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 mln. 640,7 min tonunu və ya 96,1%-ini tranzit yüklər təşkil edib.

2017-ci il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 156,2 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 12,7 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 96,2 mln. ton yük, 1 mlrd. 110,3 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2% və 1,7% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1%, sərnişin dövriyyəsi isə 1,8% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6% artaraq 148,8 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 1 mln. 597,9 min və ya 19,1% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,1% artaraq 104,9 min tona çatıb.

Magistral neft kəmərləri ilə 28 mln. 642,8 min ton neft nəql edilib. Nəqletmənin 78,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 22 mln. 473,4 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 4 mln. 313,8 min ton tranzit nefti də nəql edilib.

Magistral qaz kəmərləri ilə 14 mlrd. 536,9 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artım müşahidə olunub. Qazın nəqlinin 32,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4 mlrd. 779,4 mln. kubmetr qaz ötürülüb.

2017-ci ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 30 mln. 292,9 min ton, yük dövriyyəsi isə 6 mlrd. 320,5 milyon ton-km olub. Yüklərin 18 mln. 624,4 min tonu və ya 61,5%-i avtomobil nəqliyyatı, 7 mln. 569,4 min tonu və ya 25%-i dəmir yolu nəqliyyatı, 4 mln. 99,1 min tonu və ya 13,5%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19%-ini və ya 5 mln. 764,4 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR