Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondunun (AYF) birgə həyata keçirdiyi “İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması” layihəsi çərçivəsində çap olunmuş dörd kitabın təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, layihə çərçivəsində gənc nasirlər Ömər Xəyyam (“Sayrışan hallar”), və İkinci Mahmud (“Ümid arısı”), gənc şairlər Fəridə Məmmədova (“Sevgili üçün notlar”) və Alikin (“Günəş qalib gəldi”) müəllifləri olduğu kitablar nəşr edilib.
Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov layihə və nəşr olunan kitablar haqqında məlumat verib.
Tədbirdə iştirak edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov layihə çərçivəsində kitabları dərc edilən yazarları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.
“525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, yazarlar Fəxri Uğurlu, Şərif Ağayar, Qan Turalı, Mübariz Örən AYF-nin layihəsi haqqında düşüncələrini bölüşüb, layihənin əhəmiyyətindən danışıblar.