Paşha Bank
Bank Of Baku

Bəstəkar Aydın Əzim: Qara Qarayev Amerikadan gələndə Polad Bülbüloğlu ilə tapança alıb, onu aeroportda qarşılamağa getmişdik - MÜSAHİBƏ

Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim

© APA | Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim

# 08 oktyabr 2026 13:47 (UTC +04:00)

Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim Kərimoğlu APA-nın “Əsrin yaşıdı” layihəsində

Layihənin on yeddinci yazısı

Dosye: 1946-cı ildə Bakıda anadan olub. A. Zeynallı adına Musiqi Texnikumunu, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini - Qara Qarayevin sinfini bitirib. 1968–1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1996-2005-ci illərdə Türkiyənin Mersin Universitetində işləyib.

Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professorudur.

Bakı üçün artıq möcüzə sayılacaq tıxacsız, küləksiz sentyabr şənbəsi səhərində Bakı Musiqi Akademiyasının qarşısındakı skamyalardan birində əyləşib fotoqrafı gözləyirəm. O, gələnə qədər müsahibəyə köklənmək üçün fikirləşirəm: Görəsən, 50-60 il əvvəlin Bakısı necə idi? Bu vaxt yaşlı bir qadın əlində zənbilləri akademiyanın böyrü ilə üzüaşağı gedir. Yəqin səhər-səhər bazarlıqdan qayıdır. Bir kişi aralıda siqaret yandırır. İki qız söhbət edə-edə yolun o üzündən bəri gəlir. Hamı sakitdir, hələ heç kəsin üzündə təlaş sezilmir. Nəvəsi ilə yanımdan keçən bir nənə isə uşağa bəlli etmədən öz-özünə mızıldanır. Eşidə bilmirəm, deyəsən, ömürdən şikayətlənir. Üzümü sola çevirəndə görürəm Aydın müəllim də akademiyanın kandarında dayanıb, gözləri məni axtarır. Fotoqrafı gözlədiyimi bir az əvvəl telefonda ona bildirmişdim. Ayağa durub yanına gedirəm.

Kökləndim.

Cəmiyyətimiz bir çox məsələnin fərqində deyil

- Bu gün mənə görə işə gəldiniz, yoxsa həmişə şənbələri işə çıxırsınız?

- Yox, mən burda 2 və 5-ci günlər oluram. İndi tələbələr elədirlər ki, deyirsən, 15-də gəl, 35-də gəlirlər (gülür). İndiki tələbələr...

- Bunu sənətə laqeydliklə əlaqələndirirsiniz, yoxsa indiki cavanların huyu belədir?

- Müəyyən səbəblər var. Baxmayaraq ki, ölkəmizdə əmin-amanlıqdır, amma dünyada müəyyən gərginlik yaşanır. Hələ də müharibə şəraitindəyik. Bilirsinizmi, Sovet dövrü qapansa da yeni dövr açılmayıb. Heç cəmiyyətimiz bir çox məsələnin fərqində də deyil.

Bu vaxt fotoqraf da gəlib çıxır. Söhbətimiz kəsilməsin deyə işarə ilə ondan bizi çəkməsini xahiş edirəm.

Fotoqrafın yönləndirməsi ilə arxası Üzeyir bəyin heykəlinə dayanıb şəkil çəkdiririk. Aydın müəllim, heykələ işarə edir:

- Yeganə dahidir.

- Elə bilirəm sizin Üzeyir bəyə sevginiz sonsuzdur.

- Onu anlamırlar. Heç kim anlamır.

Akademiyaya daxil olub pillələrlə qalxa-qalxa söhbətimizə qaldığımız yerdən davam edirik.

- Hərdən mənə elə gəlir, Tanrı bəşəriyyətə peyğəmbər göndərməyə davam etsəydi, Tolstoy Rusiyanın peyğəmbəri olardı. Bu nisbətlə Üzeyir Hacıbəyovu da Azərbaycan xalqının peyğəmbəri adlandırardım.

- Siz elə baxırsınız, ancaq mən düşünürəm ki, Üzeyir bəy dahidir. Biz dahi sözünü hər yerdə işlədirik, nə yazıq ki...

- Üzeyir bəy mənə görə həm də ona görə böyükdür ki, Cümhuriyyətin qurucularından olmasına baxmayaraq, Sovetlərdə iş verdilər, siyasi fəaliyyəti atıb tamamilə mədəni fəaliyyətə qoşuldu və böyük bir məktəb yaratdı. Üstəlik 37-nin qan-qadasından da simasını, şəxsiyyətini itirmədən çıxdı. Bu böyük kişilik tələb edir.

- Üzeyir bəy siyasi xadim idi, bəstəkarlığı isə bu işi sevdiyi üçün edib. O, Azərbaycan xalqına xidmət edib.

Otaqlardan birinin qarşısında dayanırıq. Divara yapışdırılmış lövhənin üstündə yazılıb: “Dahi bəstəkar Qara Qarayev bu sinifdə dərs demişdir”. İkiqat qapıları açıb otağa keçirik.

- Bu, tarixi otaqdır. Bax, Üzeyir bəyin (portreti göstərir) arzuları var idi. Ən böyük arzusu Azərbaycanda bəstəkarlıq məktəbi yaratmaq idi. Çox işlər görüb. Təməlini də qoymuşdu. Savad almaq üçün iki gənc bəstəkarı - Cövdət Hacıyevi, bir də Qara Qarayevi yollamışdı Moskvaya. Bir zənglə... Şostakoviçə (Dmitri Şostakoviç - sovet-rus bəstəkarı, pianoçusu, pedaqoqu və ictimai xadimi). Onlar orada oxudular və qayıtdılar. Qayıtdılar, bilirsiniz müharibə dövrü, çətinlik... Sonra “Vətən” operasını yazdılar. Stalin onlara gənc ikən SSRİ Dövlət mükafatını verdi. Sonra təbii ki, konservatoriya quruculuğu, məktəb quruculuğu... Və bu kafedranın təməlini qoydular. Moskvadan bəzi müəllimləri çağırdılar, özü də Bakıdan olan, burada doğulmuş müəllimləri çağırdılar.

- Rusları, yəhudiləri?

- Əsasən yəhudilər idi, amma Bakıda doğulan yəhudilər, yəni Bakı yəhudiləri idi. Bu da böyük fərqdir. Bakı yəhudiləri ilə Ukrayna yəhudiləri eyni deyil. Bilirsiniz, deyirlər, atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar. Bax, Azərbaycan xalqı çox güclü xalqdır. Bu qədər başına hadisə gəlib, yenə möhkəm dayanıb. Başına nələr gəlsə də yenə güclü formada qala bilib, çünki Azərbaycan xalqının çox güclü kodları var. Üzeyir bəyi yetirdi, Məhəmməd Əmin Rəsulzadəni çıxardı, Heydər Əliyevi yetişdirdi. Bu xalq çox güclü xalqdır.

- Bu sinifdən danışırdınız.

- Mən bu sinfi qurtarmışam. Baxın, (divardan asılmış fotonu göstərir) Qara Qarayevin məzunlarıdır. Orada mənim də şəklim var.

Oturduğumuz yerdən gözüm şəkildəki hansı bəstəkarı seçirsə, onun adını çəkirəm.

- Tofiq müəllim də ordadır. Xəyyam Mirzəzadə...

- Tofiq Bakıxanov? Hə, ordadır. O şəkildə Qara Qarayevin bütün tələbələri var. Bu şəkli elə Tofiq Bakıxanov yaradıb. 1964-cü ildə mən Konservatoriyaya girəndə Tofiq Bakıxanov dekan idi. Əhmədxanın (Tarzən Əhmədxan Bakıxanov – M.A,) yadigarı. İkisi də mənim kəndçimdir. Mən də xiləliyəm axı. Köhnə adı Xilədir, indiki adı Əmircan.

- Onu da ayrı danışarıq, niyə o kəndə həm Xilə, həm də Əmircan deyirlər.

- Yox, e... Mənim həyatımda çox gözəl bir hadisə olmuşdu. Əmircanlı olduğunu mən bilirdim. Təbii. Bibim orda olurdu, bibimgilə gedib-gəlirdim.

- Belə çıxır, siz Əmircanda doğulmamısınız?

- Bakıda doğulmuşam. Bəzi bioqraflar mənim Əmircanda doğulduğumu yazırlar, fikir verməyin. Nə isə. Günlərin bir günü Hüseynağa Atakişiyevlə - böyük rejissorumuz idi, rəhmətlik - gəzirdik... Gəldik Musiqili Komediya Teatrının yanına. Həsənağa Salayev orada yaşayırdı. İflic idi, oturmuşdu. Mənə baxdı, baxdı, dedi, haralısan? Dedim, əmircanlı. Soruşdu, kimlərdənsən? Dedim Hacı Kazımın nəvəsiyəm. O da belə baxdı, fikrə getdi, sonra dedi ki, sən əmircanlı deyilsən. Pisimə gəldi ki, niyə? Cavab verdi ki, deyilsən də. Mən bir az pərt oldum, Hüseynağa da işarə elədi ki, fikir vermə. Axşam atama bu hadisəni danışanda güldü, dedi düz deyir. Soruşuram: “Nəyi düz deyir?” Dedi: “Əmircanlı hər kəs ola bilər, çünki ora gəlmələr çoxdur, Xilə isə oranın köküdür, babanın adını eşidən kimi o bilib ki, xiləsisən”.

- Bəs adı niyə dəyişib Əmircan olub?

- Onu bilmirəm. Bax Ramiz Rövşən əmircanlıdır.

- Bəli, əsli Qubadlıdandır.

- Amma Əmircanda anadan olub. Səməd Mənsur da xiləlidir, Tofiq Kazımovun atası...

- Bəs xiləlilərin bağ yerləri hara olub? Mən bilirəm ki, dəniz kənarında yerləşməyən bəzi Bakı kəndlərinin bağları ayrı yerlərdə olub. Balaxanılarınkı Pirşağıda, Goradildə...

- Ata-baba bağlarımız Mərdəkanın aşağısındakı Pirhəsən altı deyilən yerdə olub. Amma mən gözümü açandan bağ evimiz Pirşağıda olub. Atam Pirşağını çox sevib.

- Aydın müəllim, siz danışdıqca mən o şəklə baxıram. O şəkildə Azərbaycan bəstəkarlıq məktəbinin avanqardı yer alıb. Bu otaqda da bir tərəfdə Üzeyir bəyin, o biri tərəfdə Qara Qarayevin, Arif Məlikovun şəkilləri asılıb. Düzdür, Fikrət Əmirovun şəkli nədənsə yoxdr.

- Onu danışarıq, niyə yoxdur.

Qara Qarayevi Amerikadan gələndə tapança ilə qarşıladıq

- Danışarıq. Deməyim odur ki, Qara Qarayevin sinfinin ən yaxşıları kimlər idi? Mühit necə idi? Mən eşitmişdim ki, Qara Qarayev tələbələri ilə valideyn-övlad münasibəti qururmuş, hətta xaricdən gələndə Polad Bülbüloğlu gedib onu maşınla aeroportdan götürüb gəlirmiş.

- Polad üçüncü kursda oxuyanda mən birinci kursda oxuyurdum. Qara müəllim Amerikaya getmişdi. Bilmirəm başımız işləmirdi, yoxsa çox cavan idik, hər nədirsə, getdik “Dinamo” mağazasına, ordan hərəyə bir dənə start tapançası aldıq.

- Fişəngatan?

- Hə. Dedik, hamımıza alaq, gedək müəllimimizi (əlini yuxarı qaldırıb tapança edir, gülümsəyərək) part-part. Amerikadan gəlib kişi. Aeroportda adam elə şey eləyər?

- Elədiniz?

- Elədik. Aləm dəydi bir-birinə. Milis gəldi. Yaxşı ki, Qara müəllim araya girdi. Amma sonra bizi danlamışdı ki, belə şey olar? Nə isə, onu belə qarşıladıq. Aeroporta bir yerdə getmişdik, elə Poladın maşınında... Mən, Leonya Vaynşteyn.

- KVN-şik, prodüser Timur Vaynşteynin atası?

- Bəli, o da bəstəkar olub.

- Timurun babası da bəstəkar idi, onu da Üzeyir bəy dəvət eləmişdi Bakıya?

- Yox, o Bakı yəhudisi idi. Nəyi demək istəyirəm? Elə Poladın maşınına oturmuşduq. Gedəndə Polad maşını bir sürürdü, bir sürürdü, ürəyim ağzımıza gəlirdi. Aeroportdan çıxanda mən Leonyaya dedim, bu maşına daha minməyəcəyəm (gülür).

Sinifdə çox gözəl atmosfer var idi. Mən sizə birinci növbədə nəyi demək istəyirəm? Qara Qarayev çox nadir şəxsiyyətlərdən biridir. Nadirliyi nədə idi? Gözəl, böyük bəstəkar olmaq olar, ancaq bu o demək deyil ki, həm də gözəl müəllimsən. Tərsinə də olar, baxırsan, yaxşı bəstəkar deyil, amma yetişdirdiyi tələbələri yaxşı bəstəkardır. Qara Qarayev həm böyük bəstəkar idi, həm də dahi pedaqoq idi. İnanın mənə! Onun yetişdirdiyi bəstəkarlara baxın: Çeşid-çeşid, stilləri, yazmaq tərzləri, musiqiləri. Məsələn, Adil Bəbirov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Andrey Babayev, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Aydın Əzimov... Baxın, hərəsi bir cürdür. Onun böyük müəllimliyi nədə idi? O xüsusiyyət çox nadir adamda olur. O, basqı eləmirdi. Tələbənin şəxsiyyətini qoruyan adam olub.

- Vaqif Mustafazadə də Qara Qarayevin tələbəsi olub?

- Yox. Vaqif piyanist idi. Yeri gəlmişkən, deyim, ən yaxın dostum idi. Bir yerdə “Asəf Zeynallı”da oxumuşuq. Düzdür, bəstəkarlığı da var idi.

- Mənim eşitdiyimə görə Qara Qarayev Amerikada olarkən Stravinskini (XX əsrin böyük rus bəstəkarlarından İqor Stravinski – M.A.) dinləyib və...

- Dinləmə olmayıb, Stravinski ilə görüşüb.

- Mənim eşitdiyimə görə, orada Stravinskini dinləyib, söhbət ediblər və o Qara Qarayevə deyib ki, sən böyük bəstəkarsan, amma vaxtı keçmiş əsərlər bəstələyirsən. O da sarsılıb və qayıdandan sonra inqilabi musiqilər bəstələyib.

- Yox, yox, bunlar hamısı quruntudur, kimsə uydurub. Stravinski düzdür, belə çox maraqlı insandır.

- Siz onun səviyyəsini çox aşağı saldınız axı, mən bilən Stravinski...

- Aşağı salmıram. O, musiqidə nələrsə edib, o başqa söhbətdir. Söhbət gedir Qaranın və nəinki Qaranın, orada tək Qara deyildi axı, Xrennikov (Sovet və rus bəstəkarı Tixon Xrennikov – M.A.) var idi, Şedrin (Rusiya bəstəkarı Rodion Şedrin – M.A.) var idi. O vaxtı Xruşşovun dövrü idi. Yaxınlaşma, falan...

- Hə, bir ara Amerika ilə yaxınlaşmaq cəhdləri var idi.

- Bəli. Stravinski də, bilirsiniz Rusiyadan çıxıb gedib.

- Bəli. Çar dövründə gedib.

- Bəli, rus bəstəkarıdır, amma dünya musiqisində böyük dövrdür.

- Bir çox bəstəkarlar onun təsiri altında idi.

- Onunla Qara Qarayev də maraqlanırdı, təbii ki, gənc bəstəkar olaraq biz də maraqlanırdıq.

- Onun əsərləri sizə gəlib çatırdı?

- Bəli. Çox çətinliklə də olsa bir yolla axtarıb tapırdıq. O dövr təbii ki, indiki kimi deyildi ki, götürüb internetlə hər şeyi tapasan.

Caz Sovetləri yıxmaq üçün birinci addım idi

- Dəmir pərdə, soyuq müharibə...

- Yəni dünya musiqisindən xəbərimiz var idi, burada qulaq asırdıq. Baxmayaraq ki, hətta qadağan idi.

- Qərb musiqisini meşşan sənət adlandırırdılar, Pərviz Rüstəmbəyov (saksofonist, cazmen, 1949-cu ilin may ayında “Qərbə pərəstişkarlıq” adı ilə həbs edilib, dekabrda həbsxanada müəmmalı şəkildə ölüb – M.A.) konsertlərdə cazı təbliğ etdiyi üçün həbs edilib müəmmalı şəkildə ölməmişdimi?

- Mənim caz mövzusunda öz görüşüm var. Ümumiyyətcə, caz Sovetlərdə qadağan idi. “Asəf Zeynallı”da bütün siniflərdə biz caz çalırdıq. Hətta bununla bağlı Komsomol iclası olmuşdu ki, bu, miskin kapitalizm mədəniyyətidir, Sovet ideologiyası ilə düz gəlmir. Ancaq elə həmin iclasdan sonra hamı gedib təzədən caz çalmağa başladı. Yəni bax, belə hadisələr də olurdu. Amma indi illər keçib... Mən cazı Amerikan musiqisi hesab edirəm. Amerikanın, necə deyərlər, musiqiyə töhfəsidir. Amma mən belə düşünürəm ki, caz Sovetləri yıxmaq üçün birinci addım idi.

- “Yumşaq güc” idi.

- Bravo. Yuxarıdakılar bunu hiss edirdilər. Ona görə caza qarşı çıxırdılar. Pərviz isə cazı açıq şəkildə təbliğ edirdi. Əgər soruşsanız, mən də antisovet idim, həqiqəti başa düşürdüm. Ancaq mənim yolum o deyildi. Məni açıq deyim, pozulan, məhv olan aşıq sənəti, pozulmaqda olan muğamımız çox düşündürürdü. Bu məni daha çox maraqlandırırdı.

Elə aşıq var heç saz çala bilmir

- Nə danışırsınız, o vaxtı muğamın da, aşıq sənətinin də çiçəklənən dövrü idi.

- Mən 27 il radio və televiziyada işləmişəm. Radio və televiziyanın bədii kollektivlərinin və səsyazma sexinin bədii rəhbəri olmuşam. Xanəndələr ümumiyyətlə həmişə çalışıblar ki, onların ifalarını mən, bir də mənim əziz abim, müəllimim də deyə bilərəm, Adil Bəbirov – o mənə səs rejissorluğunu öyrədib, muğamı da çox gözəl bilirdi - yazsın. Aşıqlar isə həmişə istəyirdilər ki, onların ifalarını mən lentə yazım. Hər saz çalan aşıq deyil, çayxanada saz çalan aşıqları demirəm, onlar sadəcə saz çalır. Elə aşıq var heç saz çala bilmir, amma aşıqdır. Söhbət bizim min illərdən yadigar qalan sənətdən gedir. Onun başına oyun açmışdılar.

- Axı Sovet dövründə Stalinə, Leninə ən çox mədhiyyə yazan elə aşıqlar olub: “İşıqlıdır lampaları kolxozun”. Heç şairlər Sovetlərə bu qədər mədhiyyə yazmayıb.

- Bir sözlə sizin fikrinizi alt-üst edim. Onlar bunu oxumasaydılar, o havalar bizə qalmayacaqdı.

- Aşıqlar Lenin haqqında oxumasaydılar, “Ruhani” də gəlib bizə çatmayacaqdı?

- Onlar özləri bəlkə də heç bunu düşünmürdülər. Bu refleksdir, xalqın refleksi. Neyləsinlər? O havaları, musiqiləri başqa cür gələcək nəsillərə ötürmək olmazdı. Səməd Vurğun neyləsin, Stalinə şeir yazmasa, “Bilinməyir yaşın sənin/Nələr çəkmiş başın sənin”i necə desin!

- Aydın bəy, sözün birini qoyub o birinə keçdik, deyirsiniz Pərviz Rüstəmbəyov antisovet fikirlərinə görə həbs olunmuşdu?

- Orasını dəqiq bilmirəm. Sadəcə onu deyə bilərəm ki, Sovet hökuməti cazmenlərə qarşı idi. Çünki onlar hiss edirdilər ki, caz azadlıq havası gətirir. Cazda azadlıq qığılcımları var.

Muğamı cazla qarışdırmaq düzgün deyil

- İmprovizasiya sənin azadlıq sahəndir.

- Bəli. Bütün sovetə bu virusu qoydular.

- Caz virusunu?

- Bəli. Bunun nəticəsində bizdə caz-muğam yarandı. Mən şəxsən Vaqifin ən yaxın dostu olaraq, buna qarşı idim. Muğamı cazla qarışdırmaq düzgün deyil. Sanki muğamda nəsə çatışmır deyə, buna caz əlavə eləyirlər.

- Bəlkə cazda nəsə çatışmır, muğam qatıblar?

- Yox, qatmaq lazım deyil.

- Eyni yanaşmanı simfonik muğamlara da aid etmək olar?

- Bəli, əlbəttə.

- Siz, deməli, simfonik muğamın da əleyhinəsiniz?

- Yox, mən əleyhinə deyiləm. Belə düşünməyin. Bu zərurət idi. Fikrət neyləyib? Fikrət simfonik orkestr üçün muğam işləyib. O vaxt muğamı saxlamaq, tanınmaq üçün bunu etmək lazım idi. Qara Qarayev də həmin platformada idi, bir az başqa cür addım atırdı. Amma indi simfonik muğam yazmağa gərək yoxdur.

- Mübaliğə edərək deyərdim, bu saat heç simfonik əsər yazmağa da ehtiyac yoxdur, dinləyicisi azdır, günü gündən də azalır.

- Bizim musiqini dinləyib anlayanlarımız yoxdur. Konsertlərə gəlirlər, güllər gətirirlər. Bunları hörmət əlaməti olaraq edirlər, ancaq əsər dahi əsərdir, xəbərləri yoxdur, zibil əsərdir, yenə xəbərləri yoxdur. Çünki məktəblərdə musiqi təhsili verilməyib. Musiqi savadı vermirlər. Adamlar musiqi məktəblərinə getmirlər. Vacib deyil ki, hamı musiqiçi olsun, heç olmasa, musiqini anlayıb, əsərləri dinləmək qabiliyyətimiz olmalıdır. Bunu bilmək bizim haqqımızdır. Çünki Azərbaycan xalqı musiqi sistemi yaratmış xalqdır. Yer üzündə musiqi sistemi yaradan iki xalq var, biri Azərbaycan xalqıdır. Bunu Üzeyir bəy Sovetin pis vaxtında, qorxa-qorxa olsa da yazıb; Ürməvidən yazıb, Əbdülqadir Marağayidən yazıb. Yazmayıb bəstəkardırlar, yazıb musiqişünasdırlar. Ancaq kimin bir balaca savadı varsa, anlayır ki, onlar bəstəkardırlar. Musiqişünas kimdir? Birinci növbədə bəstəkardır, təbii ki, sonra tədqiqatçıdır.

- Aydın müəllim, sizə haqq verirəm ki, simfonik musiqini dinləmək üçün müəyyən biliklər olmalıdır.

- Şərt deyil simfonik musiqi dinləyəsən. Simfonik musiqi Avropa musiqi mədəniyyətidir. Bax, bunu cəmiyyətimiz anlamır. Klassik musiqi musiqinin səviyyəsidir, muğamat da klassik musiqidir. Avropalıların öz mədəniyyəti, bizim də öz mədəniyyətimiz var. Aşıq musiqisi sistemdir, əzizim. Muğamat sistemi divan ədəbiyyatının qiraəti, səs və poeziya qiraəti deyilmi? Bu sistemdir, məqam sistemidir. Bunu kim yaradıb? Azərbaycan xalqı yaradıb. Avropa musiqi sistemini kim yaradıb? İtaliya xalqı yaradıb.

- Bəli.

- İndi bir söz deyəcəm, kimlərinsə acığına gələcək. Mənim qədər Üzeyir bəyi istəyən, Üzeyir bəyi hər yerdə təbliğ eləyən və sevən yoxdur. Amma başqa şey deyəcəm. Sovetlər və yaxud ruslar, ona Azərbaycan professional musiqisinin banisi deyiblər. Bu xalqımızı və Üzeyir bəyi aşağılamaqdır. Ürməvi bəstəkardır, Əl-Fərabi bəstəkardır, Əbdülqadir Marağayi bəstəkardır, Fətullah Şirvani bəstəkardır. Sultan Süleyman Qanuninin ətrafı Təbriz...

- Musiqiçiləridir.

- ...bəstəkarları! Əhatə eləmişlər. Əbdülqadir Marağayi əvvəl Bəyazidin, sonra isə Teymurun sarayında musiqi şöbəsinin rəhbəri olub. Yəni o boyda bəstəkarlarımız var. Üzeyir bəy də onların davamçısıdır. Banisi deyil ha, Azərbaycan musiqisinin, türk musiqisinin, ümumtürk deyirəm ha, ümumtürk musiqisinə yeni üfüqlər açan insandır. Yoxsa ki, bani Qlinkadır (Rus bəstəkarı Mixail Qlinka – M.A.). Rusun heç nəyi yox idi, nə sistemi var idi, nə bir şey, Avropa musiqisini gətirib yaradıb. Üzeyir bəy də Avropadan gətirib, söhbət ondan getmir, amma bizim öz sistemimiz də var. Bunun sonrakı addımı təbii ki, Fikrət Əmirov olacaqdı. Amma indidən sonranı mən başqa cür görürəm. İndi siyasi olaraq Turan məsələsi var, eləmi? Turanın öz musiqi mədəniyyəti olmalıdır, musiqi mədəniyyətində yeni bir dövr açılmalıdır.

Meyxana xalqın dərdinin izharıdır

- Aydın müəllim, yenə qayıdıram bayaqkı söhbətimizə. Qarayev Amerikadan gələndən sonra öz musiqisində hansı dəyişikliklər elədi?

- Heç bir dəyişiklik olmadı. Qara Qarayev onsuz da bütün XX əsrin musiqi texnologiyasında nə dəyişiklik var idisə, nə yeniliklər var idisə, hamısını öyrənirdi və öyrədirdi. Amerikaya getdi, çox şad oldu, Stravinskini gördü, Bernştaynı (Amerikalı bəstəkar, dirijor Leonard Bernştayn – M.A.) gördü. Hətta Cerri Malliqan adlı böyük cazmen var idi, onun kafesinə də gedib, onu dinləmişdi. Bu barədə bizə danışmışdı. Böyük zövq alıblar. Gözəldir, Amerikada olsun caz. Amma caz sifəti ilə bütün musiqimizə sirayət eləsinlər, mən ona qarşıyam. Bu saat muğam dinləyən yoxdur, anlayan yoxdur. Bir dənə Bakı kəndləri olmasa...

- Orda da indi qalmayıb.

- Mən toylarda oluram, yavaş-yavaş bərpa olur. Demirəm ki, o vaxtlarkı kimidir, amma yavaş-yavaş düzəlir.

- O vaxt ancaq Bakı kəndlərində olan meyxana da indi bütün ölkəyə yayılıb.

- Meyxana pis şey deyil. Hə, televiziyada olan meyxana meyxana deyil. Meyxana o vaxtdı “elektriçka”larda idi.

- Siz dinləyirdiniz?

- Əlbəttə, Maştağa ilə Pirşağı arasında pulla deyişmələr olurdu, gecə. Mən onları dinləmişəm. Meyxana xalqın dərdinin izharıdır. Aşıq artıq funksiyalarını itirib axı. Ancaq qaş-gözdən, qadın təsvirindən danışırlar, halbuki həyatdan danışmalıdır.

- Karikatura rəssamlıqda nədirsə, meyxana da o cür idi?

- Əlbəttə. Meyxana həyatda nə problemlər varsa, onu açmalıdır. Hətta siyasi fikirlər də deməlidir. Meyxananı indi televiziyaya çıxarıblar, bu doğru deyil. Meyxanaçı televiziyada nə deyəcək? Baxın: “O yandan maşın, bu yandan maşın, adam az qala, itirsin başın”. Mən hələ sizə bəsitini deyirəm. Bu artıq problemdir, görürsünüz? Mən çox meyxanalar eşitmişəm, əsasən “elektriçka”larda deyirdilər, Xruşşovdan deyirdilər, Qorbaçovdan deyirdilər. Bilirsən, Sovet vaxtı aşıq sənətini məhv eləmək istəyirdilər. Aşıqlar həyatdan danışmaqdansa, qadınlardan danışmağa başladılar, meyxana isə çəkildi bir tərəfə, gizləndi. Mən Hüseyn Saraclı ilə, Əmrah Gülməmmədovla, Aşıq Şamillə söhbət eləmişəm. Başlarına oyun açıblar. O kəslər ki, gerçək aşıqlar idi, başlarına oyun açıblar. Yoxsa, bu aşıqlar? O nə geyimdi geyinirlər! Özləri də bilmirlər. Mən aşıq musiqisini gözəl bilirəm. Görürəm havanı düz çalmır. Populistlik edir. Çünki seyrçi yoxdur. Muğamatçı zildə qışqırır, əl çalırlar.

- Musiqi zövqümüz də itib.

- Xalqın mədəniyyətini bolşevizm, Sovet məhv edib. Amma bu xalq güclü xalqdır (əlini masaya vurur). Nə qədər əzsələr də, nə qədər o şeirdəki kimi nələr çəkmiş başın sənin... yenə də kökü qalır. Və qalacaq da, heç vaxt itməyəcək.

- Siz o vaxtı plastinkaları haradan tapırdınız?

- Gizli yollarla baha qiymətə alırdıq.

- Belə başa düşürəm, sizin o vaxtı əsas dostlarınız ruslar, yəhudilər olub.

- Yox, elə dostluğum olmayıb, bircə Leoniya Vaynşteynlə yaxınlıq eləyirdim.

- O dövrdə stilyaqalar vardı, dəblə geyinirdilər. Sizi ora aid eləmək olar?

- (Gülür) yox, yox.

- Amma Vaqifi ora aid eləmək olar, Səmədoğlunu. O özü müsahibəsində deyirdi.

- Siz tanıyırdınız onu?

- Ünsiyyətim olub, bəli.

- Vaqif, bilirsiniz, yumoru olan adam idi, söz idi də atırdı.

- Yox, müsahibəsində deyirdi ki, biz o vaxtı dəbli geyinərdik.

- O vaxtı belə insanlar olub. O da, bilirsiniz, nədən idi? Azadlığın bir növ rəmzi idi.

- Cins şalvar geyinərdilər.

- Bu bilirsiniz, antibolşevik addım idi.

Vaqiflə zeytun alıb, yeyə-yeyə gəzirdik

- Geyim Sovetlərə etirazın, Qərbə pərəstişin bir növünə çevrilirdi.

- Düzdü, özü də hardansa tapırdılar, matroslardan, filan alırdılar, yaxşı mənada cır-cındır, yəni dəyişik libaslar geyinirdilər. Mən şəxsən elə olmamışam. Ancaq Vaqiflə gəzirdik, bizim fərqliliyimiz bilirsiniz nədə idi? Məsəl üçün, “Azərbaycan” kinoteatrının böyründə böyük bir qastronom var idi. Orada zeytun satırdılar, duza qoyulmuş zeytun. O vaxt onu heç kim almırdı. Biz gedirdik Vaqiflə, alırdıq iki paket, “Azərbaycan” kinoteatrından Bulvara qədər yeyə-yeyə gəzirdik. Vaqulya deyərdi ki, Aydın görürsən, heç kim yemir, amma biz yeyirik. Fərqli idik yəni. Vaqif çox gözəl insan, çox istedadlı, xeyirsevər idi. Özü də o, məhz mənim mahnılarımın mövzusunda tema çalırdı.

- Atasından nə danışırdı, Səməd Vurğundan?

- Kim?

- Siz hansı Vaqifdən danışırsınız?

- Yox, Vaqif Mustafazadədən danışıram.

- Hə, hə.

- Siz dəyişik salmayın.

- Elə bildim o birini deyirsiniz.

- Amma Vaqiflə, Vaqif burada oxuyurdu axı, həm də işləyirdi burada, sonradan.

- Mustafazadə?

- Yox, Səmədoğlu. Bir də ki, belə bir şey var idi, atam Leninneftin rəhbəri idi. Böyük vəzifədə idi. Elə Bağırovun da dövründə, İmam Mustafayevin dövründə də, Vəli Axundovun dövründə də.

- Ən strateji yerin rəhbəri olub.

- Hə. Nəyi demək istəyirəm? Bizdə telefon var idi. O vaxtı hər adamda telefon olmurdu. Səməd Vurğungildə də telefon var idi. Bizdə 93 52 56 idi, onlarda 93 56 52. Həmişə zəng vurub Vaqifi, Yusifi soruşardılar, anam, yaxud atam da cavab verərdi. Ya da səhvən onlara zəng vurardılar. Sonralar biz dost olduq Səmədoğlu ilə.

- Aydın müəllim, bir şeyi də soruşum. Caza qarşı münasibətinizi bildim, bəs rokla aranız necə idi?

- Yox, rok sonrakı dövrdə gəlib. Bunu da deyim sizə. Belə deyək, “Beatles”, bir də “Rolling Stones” dövrü var.

- Onlar sizin gənclik ilərinizə düşüb.

- Bütün gənclik onunla nəfəs alırdı.

- Siz də?

- Əlbəttə ki. Bu heç.

Qara Qarayev “Beatles”in ifasını bəyənmişdi

- “Pink Floyd” var idi.

- O da vardı, başqaları da vardı, amma “Beatles” deyildilər. Bu təsadüfi deyil. Qara müəllimlə bəzən tək qalırdıq, söhbət eləyirdik. Günlərin bir günü Sahil bağında gəzirdik, ancaq “Beatles” haqqında söhbət elədik.

- Nə deyirdi, maraqlıdır?

- Ümumiyyətlə, bu musiqi hadisəsindən, onun gələcəyindən danışırdı. Yadımdadır, onların ifasını məhz musiqi baxımından bəyənmişdi. “Beatles” zamanəsinin aşıqları idi. Rok sonra meydana gəldi, ondan sonra hard rok, metal filan. O epoxadan bir qalan mən belə düşünürəm, Maykl Cekson oldu, dahi adamdır.

- O daha çox popdur axı.

- Musiqisi rokdur. Pop, bilirsiniz nədir? Populyar.

- Yəni Maykl Cekson daha çox estrada musiqiçisidir, düzdür rok elementləri var.

- Elementlər, yox, o oynayır, dans eləyir.

- Sizinlə mübahisə etməyim...

- Bu adam elə bil zəmanəmizin siniridir, özüdür. Bax, çox maraqlıdır: Nə qızdır, nə oğlan, nə qocadır, nə cavan, nə rəqqasdır, nə oxuyan, çox ikili həyatı olub. Nə qaradərilidir, nə ağdərili, nə müsəlmandır, nə xristian, bax.

- Birini də mən əlavə edim: Nə ölüb, nə yaşayır.

- Bəli, düz deyirsiniz. Onun bir sözü mənə çox təsir edib. Maykl Cekson deyirdi ki, müsəlmanlığı qəbul etmişəm, amma imana gəlməmişəm. Gör necə böyük sözdür.

- Aydın müəllim, çox danışdıq, sizi yordum, amma bir neçə sualım daha var. Birincisi odur ki, siz “Uzun ömrün akkordları” filmində redaksiya əməkdaşını oynamısınız. Hər şeyin də pəlini vurursunuz: olmayacaq, alınmayacaq...

- Hə (gülür).

- Bilmək istəyirəm, sizə o rolu təklif eləmişdilər? Özünüzdən rola nəsə qatmışdınız? Onu da vurğulayım ki, mənim üçün filmin ən yaddaqalan obrazlarındandır, baxmayaraq ki, epizodikdir.

- Hüseynağa Atakişiyev Üzeyir bəy rolunda oynayırdı. Mən də studiyaya gəlib-gedirdim. Anarla da münasibətimiz vardı. Günlərin bir günü “syomka”da Anar yaxınlaşdı, Aydın, burada bir balaca rol var, bir dənə cümlədir. Sən özündə ümumiyyətlə aktyorluq hiss eləyirsən? Deyirəm, niyə heç eləmirəm? Mənə dedi: “Onda bilirsən, nə elə? Bax, hamı yığışsın, mənim bir dənə üzümə istehza ilə baxarsan, görüm camaatın reaksiya nə olacaq”. Studiyada hamı yığıldı, o nəsə dedi, mən də istehza ilə baxandan sonra camaat müsbət reaksiya verdi. Onda Anar dedi: “Aydın, bu rolu oynayarsan. Bir dənə cümlədir”. Dedim: “Tamam, oynaram”. Çəkiliş günü gəlib. Mən də evdə əzbərləmişəm, təbii. Aktyor işindən də xəbərim var. Bunu oynayıb qurtardım, Anar dedi: “Aydın, sabah da gələrsən”. Beləliklə, bu rol uzandı. Anar da mənim rolumu, sözlərimi artırdı.

Bağırovu görmüşəm

- Maraqlıdır ki, Üzeyir bəyə ən çox inanan adam, filmdə inanmayanı oynayırdı.

- Mən başqa şey deyim də, orada nüans var. Mən onu sanki ehtiyat üçün deyirdim.

- Elə bil bir zümrənin pessimizmini ifadə eləyirsiniz.

- Pessimizm deyil, inanmıram ki, alınacaq.

- Aydın müəllim, dediniz atanız vəzifədə olub. Onda o dövrdə dolanışığınız yaxşı olardı, korluq çəkməzdiniz.

- Yox. Hətta təkcə biz yox, bizim sayəmizdə qohumlar da yaxşı dolanırdılar. Atam elə “payok” alırdı, bütün qohum-əqrəbanı çağırıb paylayırdı.

- Uşaqlığınızdan ən çox nə yadınıza gəlir?

- Lazım olan hər şey yadıma gəlir. Atam 8 yaşım olanda ərəb əlifbasını, bir də latın qrafikasını öyrədib.

- Niyə?

- Bilməyim üçün.

- Allahsız dövlətdə rəhbər vəzifədə çalışırdı, ərəb dili nəyinə lazım idi?

- Atam mədrəsə qurtarıb. AZİ-nin (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – M.A.) birinci buraxılışıdır.

- Dediniz atanız Bağırovla işləyib?

- Əlbəttə, mən Bağırovu görmüşəm. Neft mədənində qəza olmuşdu, fəhlələr ölmüşdü. Atam əlimdən tutub o yasa aparmışdı, orada görmüşdüm.

- Çadır qurulmuşdu?

- Yox, dövlət tədbiri idi.

- Atanız evdə Sovetlərin əleyhinə, yaxud xeyrinə nə danışırdı?

- Yox, danışmırdı. Mən məktəbdə rus sektorunda oxumuşam. Amma evdə nə atam da rusca danışırdı, nə də anam. Bizim evdə rusca danışmaq olmazdı.

- Yeri gəlmişkən, Azərbaycan dilinin dövlət dili elan edilməsi yadınıza gəlir?

- Hə, Mirzə İbrahimovun vaxtında oldu. O böyük bir hadisə idi. İmam Mustafayev atamın yaxın dostu idi. Elə Novruz bayramının rəsmi keçirilməsi də böyük bayram idi, necə sevinirdik! Onsuz Novruz bayramını həmişə keçirmişik. Amma rəsmi icazə veriləndə çox sevindik. Camaat sinəsini qabardıb gəzirdi. İndi Pezeşkian Azərbaycan dilində danışır, biz sevinirik. Baxın, İranda buna necə sevinirlər.

- Aydın müəllim, bir şeyi də soruşum. Qaqarin ilk dəfə kosmosa uçanda siz, əhali Sovetlərin kosmos fəzasını fəth etməyinə sevinirdiniz?

- Mən əhalini bilmirəm. Sadəcə vacib hadisə kimi mənə maraqlı gəlmişdi.

- Belə başa düşürəm ki, çöldə-bayırda, tədbirlərdə özünüzü rəsmi ideologiyaya uyğun şəkildə aparırdınız, amma evinizdə ərəb dilini öyrənirdiniz, Novruz keçirirdiniz.

- Atam bir dəfə mənə dedi: “Oğlum, bax, yadında qalsın, sən türksən. Amma bunu heç yerdə demə. Vaxtı gələndə deyərsən”. Mən atamın o sözünü heç vaxt unutmadım!

Foto: Rüfət Mustafayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR