Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü “Metsamor AES - Cənubi Qafqaz və Avropa üçün daimi təhlükə” adlı qətnamə layihəsi hazırlayıb

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü “Metsamor AES - Cənubi Qafqaz və Avropa üçün daimi təhlükə” adlı qətnamə layihəsi hazırlayıb
# 28 iyun 2012 07:20 (UTC +04:00)
APA-nın Strasburq müxbirinin xəbərinə görə, layihəni müxtəlif ölkələrdən olan millət vəkilləri imzalayıblar və sənəd qurumun sessiyası çərçivəsində yayılıb. (Qeyd edək ki, prosedur qaydalarına görə, AŞPA üzvünün hazırladığı sənəd 5 üzv dövlətin 20 deputatı tərəfindən imzalanmalıdır).

Layihəni 25-ə yaxın avropalı millət vəkili imzalayıb. Qətnamə layihəsində deyilir: “Ermənistanda yerləşən Metsamor AES Cənubi Qafqaz və Avropa regionu üçün ən böyük təhlükələrdən biridir. Seysmoloji cəhətdən fəal zonada yerləşən Metsamor AES-in fəaliyyətinin dərhal dayandırılması ilə bağlı məsələ dəfələrlə Parlament Assambleyasında qaldırılıb. Məsələ burasındadır ki, əgər hər hansı ciddi bir hadisə baş verərsə, Azərbaycan hökumətinin evakuasiya üçün 24 saatdan da az vaxtı qalacaq. Bundan əlavə, qısa bir vaxt kəsiyində Cənubi Qafqazın əksər hissəsində həyatı məhv etmək gücündə olan Metsamor AES 11 ballıq zəlzələ riski olan bir ərazidə yerləşib. Ermənistan tərəfi sonuncu dəfə Avropa İttifaqının 2011-ci ildə AES-in fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını rədd edib. Ölkənin enerji ehtiyatlarının qarşılanması üçün ona 100 milyon dollar maliyyə yardımı edilməsi təklifi irəli sürülüb. Lakin Ermənistan 1974-cü ildə tikilmiş olan stansiyanı 1995-ci ildə yenidən işə salıb”.

Qətnamə layihəsində Türkiyədən cəmi 16 km uzaqlıqda, İrandan 60 km uzaqlıqda, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 km uzaqlıqda yerləşmiş Metsamor AES-in təkcə Azərbaycan üçün deyil, regionun digər ölkələri üçün də təhlükə mənbəyi olduğu xüsusi vurğulanır: “Regionun və Avropanın bugünkü və gələcək təhlükəsizliyini, Ermənistanın stansiya ilə bağlı tələbləri və texniki şərtləri qarşılaya bilməməsini nəzərə alaraq, assambleya aşağıdakıları tövsiyə edir:

- Məsələ ilə bağlı təcili və ətraflı araşdırma aparmaq üçün xüsusi məruzəçinin təyin edilməsi;

- Müvafiq ixtisaslı parlamentarlardan ibarət olan fakt araşdırıcı qrupun formalaşdırılması;

- Ətraf Mühit, Kənd Təsərrüfatı, Yerli və Regional Məsələlər üzrə Komitədən və Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitədən məsələ ilə bağlı tanınmış mütəxəssislərin iştirakı ilə dialoqun keçirilməsi üçün təcili bazanın formalaşdırılması”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR