Əsas hədəfi Şuşanı işğalçılardan azad etmək olan “İşğal altında” kompyuter oyunu hazırlanıb

Əsas hədəfi Şuşanı işğalçılardan azad etmək olan “İşğal altında” kompyuter oyunu hazırlanıb
# 22 iyun 2012 12:17 (UTC +04:00)
Bakı – APA. “İşğal altında” adlı kompyuter oyunu hazırlanıb. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan oyun döyüş janrında hazırlanıb, Qarabağ müharibəsini əks etdirir. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub.

Oyunçuların döyüş bacarığını artırmaqla yanaşı ölkənin tarixini də öyrənməyə imkan yaradacaq olan bu oyun gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək. Kompyuter oyunu 2 il müddətinə müxtəlif universitetlərdə təhsil alan tələbələr tərəfindən hazırlanıb və keyfiyyətinə görə dünyada məşhur olan döyüş oyunlarına yaxındır. “İşğal altında” kompyuter oyunu mövcud olan heç bir döyüş oyununun yenidən işlənmiş və ya modifikasiya edilmiş forması deyil.

Oyunun rəhbəri və ideya müəllifi Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Fərid Haqverdiyev, musiqi tərtibatçısı isə gənc bəstəkar Aqşin Əlizadədir.

Sabah oyununun təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, “İşğal altında“ kompyuter oyununun təqdimat mərasimi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası məqsədi ilə GİN-in dəstəyi ilə keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR