Kolumbiya Universiteti nəzdindəki Qlobal Enerji Siyasəti Mərkəzində Azərbaycanla bağlı seminar keçirilib - FOTOSESSİYA

Kolumbiya Universiteti nəzdindəki Qlobal Enerji Siyasəti Mərkəzində Azərbaycanla bağlı seminar keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 may 2013 04:50 (UTC +04:00)

Bakı-APA. Nyu York şəhərində yerləşən Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) nəzdində 24 aprel 2013-cü il tarixində təsis edilmiş Qlobal Enerji Siyasəti Mərkəzində (Center on Global Energy Policy) “Xəzər dənizinin təbii qaz ehtiyatları: strategiya və nəticələr” mövzusunda keçirilmiş seminarda Hayfa Universitetinin professoru Brenda Şaffer və səfir Elin Süleymanov çıxış edib.

B.Şaffer dünyanın enerji ehtiyatları və bu ehtiyatların nəqlində yaranmış çətinliklər, enerji ehtiyatlarının əsasən qeyri-sabit regionlarda təmərküzləşməsinin yeni alternativ və daha təhlükəsiz mənbələr axtarışına səbəb olduğunu bildirib. Məhz bu xüsusda, Xəzər dənizinin enerji ehtiyatlarının müasir dövrdə xüsusi çəkiyə sahib olduğunu, xüsusilə Qərbə inteqrasiyada maraqlı olan Azərbaycanın Avropanın enerji asılılığının aradan qaldırılmasında rolundan bəhs etmişdir. Hazırda neftlə müqayisədə, təbii qazın nəqlinin aktuallıq qazandığını bildirən B.Şaffer Xəzər regionunda Azərbaycanın iştirakçısı olduğu layihələr barədə geniş məlumat verib.

Səfir E.Süleymanov çıxışında ilk olaraq Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını demişdir. Bu xüsusda, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd edib.

Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir ilk olaraq, zəngin enerji resurslarına çıxış imkanını qeyd edib. E.Süleymanov hazırda regional sabitliyin əsasında məhz Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildirib. Bu xüsusda, Bakı-Tiflis-Ceyhan neft kəməri barəsində məlumat verən E.Süleymanov bu layihəni regionla bağlı “ən uğurlu layihə” adlandırıb.

E.Süleymanov hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində məlumat vermişdir. Hazırda enerji sahəsində əsas prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan danışıb.

Qeyd edək ki, yenicə təsis edilmiş Mərkəzin direktoru 2009-cü ildən Obama Administrasiyasında Milli Təhlükəsizlik Şurasında Prezidentin enerji və iqlim dəyişikliyi məsələləri üzrə xüsusi köməkçisi vəzifələrində çalışmış Ceyson Bordofdur (Jason Bordoff). Mərkəzin açılışında Prezidentin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tom Donilon və tanınmış enerji mütəxəssisi Dan Yerginin çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR