Gülağa Aslanlı: “Hansısa faktlarla nəyisə sübut etməyə çalışacaqlarsa, cavablarını alacaqlar”

Gülağa Aslanlı: “Hansısa faktlarla nəyisə sübut etməyə çalışacaqlarsa, cavablarını alacaqlar”
# 07 oktyabr 2014 10:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Əminliklə deyirəm ki, qurultayda heç bir seçki pozuntusu olmayıb. O insanlar özlərinin qalib gələcəyinə əmin idilər, hətta özlərinin elədikləri saxtakarlıqları bilə-bilə heç nə danışmırdılar, amma uduzduqlarını görəndən sonra ikinci plan ortaya çıxdı və bu da müsavatçıya yaraşmayan bir hərəkətdir”. Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın VIII qurultayında pozuntulara yol verilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

G. Aslanlı bəyan edib ki, seçki komissiyasının işində heç bir saxtakarlıq faktı olmayıb: “Seçki komissiyasında Arif Hacılının təklif etdiyi 3 adam vardısa, Qubad İbadoğlunun, Tural Abbaslının, Səxavət Əlisoyun da 3 adamı vardı və razılaşdırılmaqla başqan tərəfindən təqdim olunmuşdu. Onların hamısı yekdil səs veriblər. Kimin nə deməsindən və bundan sonra nə deyəcəyindən asılı olmayaraq, seçki komissiyasının işində hər hansı saxtakarlıq faktı yoxdur və olmayıb”.

G. Aslanlı bir nəfərin iki bülletenlə səs verməsi barədə iddialara da cavab verib: “Bir adamın iki bülletenlə səs verməsi məsələsi hələ ki fakta söykənmir. Əgər fakta əsaslanırsa, o məsələ həmin gün qaldırılmalı idi, həmin gün də olmayıbsa, 3 gün ərzində deyilməli idi. Seçki Komissiyasına şikayətlər 3 gün ərzində qəbul olunur. Bu müddəti keçdikdən sonra isə hansısa faktlarla nəyisə sübut etməyə çalışacaqlarsa, cavablarını alacaqlar”.

G. Aslanlı Arif Hacılının tərəfdarlarının rayon təşkilatlarının sədrlərinə təzyiq göstərməsi ilə bağlı fikirlərlə razılaşmayıb: “Nizamnaməyə zidd addımlar atılması barədə fikirlər də növbəti iftiradır. Çünki elə hallar vardısa, Qubad İbadoğlu öz çıxışında bunlar deyə bilərdi, Əlövsət Talışxanlı öz çıxışında buna etiraz edərdi. Necə olur ki, MNTK hər şeyin normal olduğunu, heç bir şeyin baş vermədiyi etiraf edir, ancaq nəticələr bəlli olandan sonra isə başqa sözlər deyir?..”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR