Elmin İnkişafı Fondu “Mobillik qrantı”nın nəticələrini açıqlayıb

Elmin İnkişafı Fondu “Mobillik qrantı”nın nəticələrini açıqlayıb
# 11 iyun 2014 15:03 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirakı əhatə edən və 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri açıqlanıb.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə daxil olmuş 35 layihənin ekspertizası nəticəsində 6 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 29 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 4-cü “Mobillik qrantı” müsabiqəsi üzrə 11 qalib layihə müəyyənləşdirilib. Fizika-riyaziyyat və texnika elmləri üzrə 4, kimya elmləri üzrə 2, Yer haqqında elmlər üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib elan olunub. Ümumi maliyyələşdirilmə həcmi 70 100 manatdır.

4-cü “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 9-u qısamüddətli elmi təcrübə keçmə ilə (QMTK), 2-si isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 3-ü qadındır və qaliblərin yaşı 26-68 arasında dəyişir. Qaliblərin 5-i AMEA institutlarını (Fizika, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Coğrafiya və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi), 5-i Təhsil Nazirliyinin qurumlarını (Bakı Dövlət Universiteti, BDU-nun Fizika Problemləri və Tətbiqi Riyaziyyat ET İnstitutları, Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti), 1-i isə “Azərkosmos” ASC-ni əhatə edir. Qaliblər Belçika (1), ABŞ (1), Türkiyə (2), Avstriya (1), Portuqaliya (1), Rusiya Federasiyası (1), Böyük Britaniya (2), Almaniya (1) və Yaponiyada (1) elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR