Azərbaycanda keçiriləcək ilk sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Azərbaycanda keçiriləcək ilk sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb
# 03 aprel 2014 12:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 6-da Azərbaycanda keçiriləcək ilk sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, ilk sınaq imtahanında respublika üzrə 50 minə qədər abituriyentin iştirak edəcəyi gözlənilir. Onun sözlərinə görə, aprelin 6-da və 13-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat martın 27-dən etibarən aparılmağa başlayıb və qısa zamanda təqdim olunan bütün yerlər tutulub. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını abituriyentlər bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərlər.

E.Nağızadə qeyd edib ki, artıq bu gündən növbəti sınaq imtahanına yazılış başlanıb. Aprelin 20-də keçiriləcək sınaq imtahanlarına yazılmaq üçün onlar http://eservices.tqdk.gov.az/sinaq/ keçidinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Yazılış üçün 50 min oturacaq yeri təqdim olunub.

Qeyd edək ki, bu il Azərbaycanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün 6 sınaq imtahanı (4-ü yeni, 2-si təkrar) keçiriləcək. İmtahanlar 6, 13, 20, 27 aprel, 25 may və 1 iyun tarixlərində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR