Mais Mənsimov: “Mustafa Dənizli ilə fikirlərimiz üst-üstə düşmədi”

Mais Mənsimov: “Mustafa Dənizli ilə fikirlərimiz üst-üstə düşmədi”
# 16 may 2014 11:23 (UTC +04:00)

Bakı - APA. “Dünən baş tutmuş mətbuat konfransının keçirilməsi, həmçinin onun yeri və vaxtı sırf məşqçinin özü tərəfindən təyin edilmişdi. Biz də sizin kimi sadəcə tədbirin keçiriləcəyi barədə məlumat aldıq”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib.

Komandanın baş məşqçisi Mustafa Dənizlinin istefaya göndərilməsinə münasibət bildirən Mənsimov öncə türkiyəli mütəxəssisin bir gün əvvəl keçirdiyi mətbuat konfransına toxunub. O bildirib ki, Mustafa Dənizli yeni mövsümün planları barədə danışması ardınca komandanın onunla yollarını ayırmasında hansısa fikir ayrılığından söhbət belə gedə bilməz: “Çünki mətbuata açıqlamasında Dənizlinin özü də bildirmişdi ki, rəhbərliklə görüş keçiriləcək. Həmin görüş də məhz bu günə nəzərdə tutulmuşdu. Görüşdə hazırda mövcud olan durum barədə fikir mübadiləsi apardıq. Qısaca olaraq deyə bilərəm ki, məsələyə baxışda fikirlərimiz üst-üstə düşmədi. Dənizli də bunu tam anlayışla qarşıladı. O, peşəkar mütəxəssisdir, böyük klubların rəhbərlikləri ilə geniş iş təcrübəsi var. Hər klubun öz strategiyasının olduğunu da çox gözəl dərk edir. Bütün bu faktorlar bizim müzakirələri daha da rahatlaşdırdı, hərçənd ki, yekunda verilən qərar iş birliyimizin sonuna gətirib çıxardı”.

Klub prezidenti bundan sonra hansı qərarların qəbul olunacağı ilə bağlı məsələlərə də aydınlıq gətirəcək: “Artıq mövsüm başa çatmaq üzrədir. Vaxtımızın çox az olduğunu anlayırıq. Odur ki, qısa müddət ərzində qərar verməyimiz vacibdir. Son illərin təcrübəsini nəzərə alaraq, bu dəfə soyuqqanlı və düşünülmüş addım atmağımız zəruridir. Geridəqalan mövsümlərdə azarkeşlərimizin nə qədər üzüldüyünün fərqindəyik. Yeni mövsümdə onlara olan mənəvi borcumuzu qaytarmaq üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, Dənizli 2013-cü ilin dekabrından “Xəzər Lənkəran”da çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR