Gələn il Kataloniyada İspaniyadan ayrılmaqla bağlı referendum keçirilə bilər

Gələn il Kataloniyada İspaniyadan ayrılmaqla bağlı referendum keçirilə bilər
# 13 dekabr 2013 12:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Kataloniya rəhbərliyi gələn il noyabrın 9-da muxtar vilayətin İspaniyadan ayrılması ilə bağlı referendum keçirilməsini planlaşdırır.

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya rəhbəri Artur Mas bildirib.

Həmin tarixdə keçirilməsi planlaşdırılan referendumda muxtar vilayətin sakinləri Kataloniyanın İspaniyadan ayrılmasına və müstəqil dövlətə çevrilməsinə münasibət bildirəcəklər.

Lakin İspaniya qanunlarına görə, rəsmi Madridin razılığı olmadan referendum baş tuta bilməz. İspaniya baş naziri Mariano Rahoy bildirib ki, bu referendum qanunsuzdur və keçirilə bilməz. Avropa Birliyinin rəsmiləri də Kataloniyanın bu təşəbbüsünü dəstəkləməyiblər və bu qərardan vaz keçməyə çağırıblar. Avropa Şurasının sədri Herman van Rompey Kataloniya siyasətçilərinə bu qərar barədə bir daha fikirləşməyi tövsiyə edib.

Qeyd edək ki, son bir neçə il ərzində Kataloniyada millətçilik və İspaniyadan ayrılmaqla bağlı tendensiyaların güclənməsi müşahidə olunur. Keçirilən rəy sorğularına əsasən, Kataloniya sakinlərinin yarısı muxtar vilayətin müstəqil dövlətə çevrilməsini dəstəkləyir. Bu ilin əvvəlində Kataloniya parlamenti suverenlik barədə bəyannamə qəbul edib, lakin İspaniya Konstitusiya Məhkəməsi bu sənədi qanunsuz elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR