Taner Yıldız: «Nabucco» layihəsi hələ masa üstündədir»

Taner Yıldız: «Nabucco» layihəsi hələ masa üstündədir»
# 02 sentyabr 2013 10:46 (UTC +04:00)

«APA-Economics»in «Sabah» qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, «Nabucco» layihəsi hələ də masa üstündədir: «Ölkəmiz eyni vaxtda «Nabucco» və TAP-a dəstək verib. Bu layihələr rəqib deyil, bir-birini tamamlayan layihələrdir».

Nazir bildirib ki, başda İraq qazı olmaqla bölgədəki digər qaz tədarükçülərinin mövqeyini və Avropa ölkələrinin ehtiyacı nəzərə alındıqda «Nabucco» layihəsinin həyata keçirilməsi mümkündür».

Türkiyənin hökumət rəsmisi qeyd edib ki, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, Avropa Birliyinin 2030-cu ilə qədər ildə 200 mlrd. kubmetr əlavə qaza ehtiyacı olacaq.

T.Yıldız vurğulayıb ki, Türkiyə «BOTAŞ»ın və ya Enerji və Təbii Sərvətlər Nazirliyinin təyin edəcəyi şirkətin TAP boru kəməri layihəsinin səhmdarı olmaq mövzusunu yenidən qiymətləndirir: «İki il əvvəl TAP Konsorsiumu «BOTAŞ»ı 15% payla ortaq olmağa dəvət etmişdi. «Şahdəniz-2» təbii qazının ixrac yollarının qətilik qazanması və ölkəmizin enerji mərkəzi olması hədəfi istiqamətində ortaqlıq mövzusu yenidən qiymətləndirilməkdədir».

Türkiyəli nazir ildə 7-10 mlrd. kubmetr təbii qazın istehlak edildiyi Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və Sloveniyanın TAP boru xəttinə qoşulmasının mümkün olduğunu deyib.

Qeyd edək ki, TAP-ın səhmdarları BP (20%), Azərbaycan Dövlət Neft Şirkəti (20%), «Statoil» (20%), «Fluxys» (16%), «Total» (10%), «E.ON» (9%) və «Axpo» (5%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR