ABŞ-ın “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Bakı Ali Neft Məktəbində olub

ABŞ-ın “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Bakı Ali Neft Məktəbində olub
# 15 noyabr 2013 09:32 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-ın “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan nümayəndəliyinin rəhbəri Bert Stritmən və maili qazma üzrə koordinatoru Səlahəddin Əyyubov Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, qonaqları qəbul edən BANM rektoru Elmar Qasımov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. BANM haqqında qonaqlara məlumat verən E.Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub və bunun nəticəsi olaraq BANM məzunlarına iki diplom veriləcək. Məktəbə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini bildirib.

BANM-yə dəvət edildiyinə görə minnətdarlığını bildirən “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan nümayəndəliyinin rəhbəri Bert Stritmən vurğulayıb ki, Azərbaycanda neft-qaz sənayesi dinamik inkişaf etməkdədir. Bu baxımdan yüksək ixtisaslı, müasir standartlara cavab verən mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir. O qeyd edib ki, gələcəkdə Azərbaycanda böyük layihələr həyata keçirməyi planlaşdıran “Halliburton” şirkəti üçün BANM ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması önəmlidir.

Görüş çərçivəsində “Halliburton “şirkəti ilə BANM arasında əməkdaşlığın qurulması sahəsində, “Halliburton” şirkətinin Azərbaycanda fəaliyyət göstərən və xaricdən gələn müxtəlif mütəxəssislərinin BANM tələbələri qarşısında məruzələrlə çıxış etməsi və bir sıra digər məsələlər haqqında razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR