Günəşdə baş verən və Yerə təsir edən alışmaların sayı payız mövsümündən azalmağa başlayacaq

Günəşdə baş verən və Yerə təsir edən alışmaların sayı payız mövsümündən azalmağa başlayacaq
# 08 may 2014 12:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Günəş aktivliyinin 11 illik tsiklinin maksimum dövrü başa çatır. N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, payız mövsümündən Günəşdə baş verən və yerə təsir edən alışmaların sayı azalmağa başlayacaq. Onun sözlərinə görə, hazırda müşahidə olunan 11 illik tsikldə günəş aktivliyi keçən tsiklə nisbətən daha sakitdir. N.Cəlilov qeyd edib ki, Günəşin maksimum hündürlüyü-inteqral enerjisinin miqdarı da hər tsikldə azalır: “Amma bunun niyə azaldığını izah edə bilmirik”.

Şöbə müdiri vurğulayıb ki, Günəş alışmalarının sayı hər tsikldə təxminən eyni səviyyədə qalır. Onun fikrincə, maksimum 1 saniyədə alışma zamanı yaranan enerjinin miqdarı azalır: “Günəşdə hər saniyə alışma baş verir. Amma güclü alışmaların sayı hər tsikldə demək olar ki, eynidir. Belə ki, 11 illik tsiklin maksimum dövründə hər gün təxminən 4-5 orta gücdə alışma baş verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR