Sentyabrın 20-21-də Bakıda Slovakiya Dövlət Kamera Orkestrinin konsertləri keçiriləcək - FOTO

Sentyabrın 20-21-də Bakıda Slovakiya Dövlət Kamera Orkestrinin konsertləri keçiriləcək - <span style="color: red;">FOTO
# 11 sentyabr 2013 18:40 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 20-21-də Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalında Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestrinin konsertləri keçiriləcək. APA-nın məlumatına görə, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Beynəlxalq “Musiqi Olimpi” Fondunun (Sankt-Peterburq) dəstəyi ilə gerçəkləşəcək konsertlərdə ABŞ, Rusiya, Litva və Azərbaycandan olan tanınmış musiqiçilər iştirak edəcək.

Avropanın ən tanınmış musiqi kollektivlərindən biri olan Slovakiya Dövlət Kamera orkestri iki gün ərzində beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Dövlət Opera və Balet teatrının dirijoru, V.Safonov adına Rusiya Akademik Filarmonik orkestrinin baş dəvətli dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə geniş konsert proqramını dinləyicilərə təqdim edəcək.

Qeyd edək ki, bu, Slovakiya orkestrinin ölkəmizə ilk səfəridir. 1960-cı ildə görkəmli skripka ifaçısı Boqdan Varxal tərəfindən təməli qoyulan kollektiv 50 il ərzində Avropa, Şimali və Cənubi Amerika, Asiya və Avstraliyada konsert turnesi zamanı böyük uğurlara imza atıb. “Prague Spring”, “Salzburger Festspiele”, “Budapesti Zenei Hetek”,”Festival de Musique de Strassbourg” və “Festival de Musique Montreux-Vevey” kimi festivalların daimi qonağı olan orkestr Anna Sofi-Mutter, Vladimir Spivakov, Peter Şrayer, Mikloş Perenyi, Tabea Simmerman, Jan-Pyer Rampal kimi dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edir.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək konsertlərdə Slovakiya Dövlət Kamera orkestri tərəfindən ilk dəfə olaraq Qara Qarayevin, Fikrət Əmirovun və Arif Məlikovun əsərləri ifa olunacaq. Nadir hallarda ölkəmizdə səslənən B.Bartok və S.Barberin əsərləri ilə bərabər Azərbaycanda ilk dəfə olaraq Slovak musiqisinin klassiki İlya Zelenkanın orkestr üçün “Poeması”nın təqdimatı da nəzərdə tutulub. Sankt-Peterburqun “Musiqi Olimpi” Fondunun təşkilatı dəstəyi ilə həmin konsertlərdə beynəlxalq müsabiqələr laureatları AŞU (saksofon, ABŞ), Varvara Nepomnyaşaya (Rusiya) və Azərbaycandan gənc və istedadlı skripkaçı, İsraildə “Meta-Buxman” konservatoriyasında təhsil alan Cəmilə Qarayusiflinin ifasında İ.S.Bax, V.A.Mosart, F.Şopen, A.Piazzola və A.Qlazunovun instrumental konsert və fantaziyaları səslənəcək.

Qeyd edək ki, “Musiqi Olimpi” Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdikləri konsertlər silsiləsi sentyabrın 22-də M.Maqomayev adına Dövlət Filarmoniyasında davam edəcək. Həmin gecə Litvadan dəvət olunmuş fortepiano dueti (Piano Duo) – Viliya Poşkute və Tomas Daukantas ifasında M.Ravel, P.Çaykovski və F.Listin xüsusi olaraq 2 royal üçün işlənmiş əsərləri səslənəcək. Konsertin digər bölməsində isə Azərbaycandan fortepiano dueti – Elnarə Kəbirlinskaya və Nəzakət Rimazi səhnəni bölüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR