Elmar Məmmədyarov: "Ermənistanın işğalçı siyasəti heç bir halda uğur qazana bilməz"

Elmar Məmmədyarov: "Ermənistanın işğalçı siyasəti heç bir halda uğur qazana bilməz"
# 28 oktyabr 2013 19:05 (UTC +04:00)

Bakı-APA.Ermənistanın işğalçı siyasəti heç bir halda uğur qazana bilməz. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, belə bir bəyanatla “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. O qeyd edib ki, münaqişənin həllinə nail olmaq və iki dövlət arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, habelə qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir.

Ermənistan-Azərbaycan münaqişəsindən ətraflı danışan nazir E.Məmmədyarov vurğulayıb ki, münaqişənin əvvəlindən İƏT BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini təcavüz kimi qiymətləndirib. Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə İƏT-in qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası çərçivəsində Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirilməsində həlledici rol oynayıb.

İƏT-in baş katibi Əkmələddin İhsanoğlu isə öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə yer ayıraraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edib. O, münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinə çağırıb.

Qeyd edək ki, iclas BMT TŞ-də sədrlik vəzifəsini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə baş tutub. Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi-Mun və İƏT-in baş katibi Əkmələddin İhsanoğlu, habelə Təhlükəsizlik Şurasının yüksək səviyyəli nümayəndələri iştirak edib.

İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR