Yüksək Texnologiyalar Parkı Azərbaycan şirkətlərini təlim kurslarına dəvət edir

Yüksək Texnologiyalar Parkı Azərbaycan şirkətlərini təlim kurslarına dəvət edir
# 06 mart 2014 15:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan “İdeyaların bazara çıxarılması” və “Qlobal iddialar, qlobal satış” mövzularında təşkil olunacaq təlim kurslarında iştirak etməyə dəvət edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təlimlər biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının artımının dəstəklənməsinə yönələn proqramın bir hissəsi olaraq “YT Park” Azərbaycan tərəfindən təşkil edilib.

Təlim kurslarının məqsədi Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etməsi üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etməkdir.

Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən “ESADE” Biznes məktəbində fəaliyyət göstərən professor Kennet P.Morse tərəfindən aparılacaq.

Qeyd edək ki, K.Morse dünya üzrə 10 mindən artıq sahibkar üçün təlim proqramlarını və 20-dən artıq ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini də həyata keçirib.

Təlim kursları mart 10-da və aprel 14-15-də Bakıda (Nizami küç., 203b, “AF Business House”, 3-cü mərtəbə) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR