Balaxanı Sənaye Parkına sahibkarların marağı artır

Balaxanı Sənaye Parkına sahibkarların marağı artır
# 13 dekabr 2013 07:26 (UTC +04:00)

Bakı - APA-Economics. “Təmiz Şəhər” ASC tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan Balaxanı Sənaye Parkının qurulması və parka investorların cəlb olunması istiqamətində tədbirlərini davam etdirir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Balaxanı Sənaye Parkının yaradılması istiqamətində bu günədək bir çox tədbirlər görülüb.

“Ernst&Young” şirkəti tərəfindən parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlanıb, sənaye parkı üçün ayrılmış 7 hektar ərazidə geoloji tədqiqat işləri aparılıb, tikinti-inşaat işlərinə hazırlıq məqsədilə torpaq işləri görülüb və ərazi hasarlanıb.

Bundan başqa, sənaye parkının nümunəvi əsasnaməsi təsdiq edilmiş, parkın korporativ təşviqat materialları hazırlanmış, Azərbaycan və ingilis dilində Parkın rəsmi internet səhifəsi (www.bsp.az) istifadəyə verilib. Artıq Balaxanı Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanması işi yekunlaşıb və tikinti-inşaat işlərinə başlanıb.

Bütün bunlarla yanaşı, potensial sahibkarların sənaye parkına cəlb olunması istiqamətində də müəyyən tədbirlər görülür. Belə ki, Balaxanı Sənaye Parkında avtomobil şinlərinin oksigensiz (piroliz üsulu ilə) yandırılması nəticəsində piroliz yağlarının, karbon tozunun və metalın əldə olunması sənayesinin qurulması ilə bağlı Türkiyənin “Metem Turizm Tekstil İnşaat Ticaret Yatırım” A.Ş, plastik torbaların təkrar emalı ilə bağlı “KSC Qrup” şirkəti, PET qablarının təkrar emalı ilə bağlı “Az.Ekol” ilə qarşılıqlı anlaşma memorandumları imzalanıb. Ümumilikdə Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək niyyətində olan şirkətlərlə indiyədək 6 anlaşma memorandumu imzalanıb. Yuxarıda adı çəkilən emal sahələri ilə yanaşı, parkda qablaşdırma tullantıları, elektrik və elektron tullantı və sənaye akkumulyatorlarının təkrar emalı üzrə müxtəlif şirkətlərin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Balaxanı Sənaye Parkında təkrar emal sənayesi üzrə fəaliyyət göstərəcək müəssisələr üçün 7 il müddətinə vergilərdən azadolma, digər güzəşt və üstünlüklər tətbiq ediləcək. Ümumiyyətlə, parkın coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, daxili və xarici bazarlara yaxınlığı əldə olunmuş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verir. Həmçinin Parkın daxili və xarici infrastrukturu sahibkarlar üçün əlverişlidir. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydalanacaqlar.

Xatırladaq ki, Balaxanı Sənaye Parkı təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə “yaşıl biznes”in, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən təsis edilmiş və 19 dekabr 2012-ci il tarixində dövlət başçısı tərəfindən sənaye parkının təməli qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR