Sabah Azərbaycanın bütün məscidlərində Türkiyədə ölən mədən işçilərinin ruhuna dualar oxunacaq

Sabah Azərbaycanın bütün məscidlərində Türkiyədə ölən mədən işçilərinin ruhuna dualar oxunacaq
# 15 may 2014 11:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş faciə ilə əlaqədar prezident Abdulla Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və diyanət işləri başqanı Mehmet Görməzə başsağlığı məktubları ünvanlayıb.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktublarda dost və qardaş Türkiyə xalqının üzləşdiyi ağır faciə - Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərinin şeyxülislamı hədsiz kədərləndirdiyi bildirilir. A. Paşazadə məktubunda Azərbaycan və Qafqaz müsəlmanları adından hər üç şəxsə, onların simasında Türkiyə dövlətinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir: “Kədərinizə şərik oluram. Allah rəhmət eləsin! Azərbaycan dindarları türkiyəli qardaşlarımız üçün dualar edir, həlak olanların ruhlarına rəhmət, yaralılara şəfa diləyirlər. Qoy Uca Rəbbimiz bu ağır faciənin acısını yaşayanlara yardımçı olsun, öz böyük mərhəmət və şəfqəti sayəsində mərhumlara rəhmət, onların ailələrinə və yaxınlarına səbr, təmkin əta etsin. Amin!”

QMİ mətbuat xidmətindən onu da bildiriblər ki, sabah – Cümə günü Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR