Bu il «Şahdəniz-2» layihəsinə 1,7 mlrd. dollar xərclənəcək

Bu il «Şahdəniz-2» layihəsinə 1,7 mlrd. dollar xərclənəcək
# 14 noyabr 2013 12:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Şahdəniz-2» layihəsi çərçivəsində 16 mlrd. kubmetr həcmində əlavə təbii qaz hasil ediləcəyi gözlənilir. «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsinə körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə Azərbaycanda 48 düyüm diametrli yeni boru kəməri daxildir. Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 mlrd. kubmetr qazın əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi nəzərdə tutulub.

Məlumata görə, Türkiyə ərazisində «Şahdəniz-2» qazı TANAP boru kəməri vasitəsilə daşınacaq. Bu boru kəməri Xəzər dənizinin böyük qaz ehtiyatlarını Türkiyə və Avropa Birliyi bazarları ilə bağlayan Cənub Qaz Dəhlizinin əsas bir hissəsi olacaq. Türkiyəyə ildə 6 mlrd. kubmetr «Şahdəniz-2» qazının satışı ilə bağlı «BOTAŞ» şirkəti ilə 2011-ci ildə saziş imzalanıb.

Bu ilin iyunun 28-də «Şahdəniz» konsorsiumu elan edib ki, ildə 10 mlrd. kubmetrədək «Şahdəniz-2» qazını Yunanıstan, İtaliya və potensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırmaq üçün TAP layihəsini seçib.

«Sentyabrın 19-da isə «Şahdəniz-2»nin işlənməsindən hasil ediləcək qazın ildə 10 mlrd. kubmetrdən bir az artıq olan həcminin İtaliya, Yunanıstan və Bolqarıstanda satışı üzrə 9 şirkətlə 25 illik sazişlər bağlanıb. Ümumilikdə, «Şahdəniz-2»nin işlənməsindən hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə keçməklə İtaliyaya qədər 3 500 km-dən artıq boru kəmərləri vasitəsilə çatdırılacaq», - deyə «BP-Azerbaijan» şirkətinin məlumatında bildirilir.

Qeyd edək ki, layihəyə 2013-cü il ərzində təxminən 1,7 mlrd. ABŞ dolları həcmində vəsaitin xərclənməsi planlaşdırılır. Layihə üzrə yekun investisiya qərarının verilməsi 2013-cü ilin dekabr ayına və «Şahdəniz-2»dən ilk qazın əldə edilməsi isə 2018-ci ilə planlaşdırılır.

Hesablamalara əsasən, layihə ümumi dəyəri 25 mlrd. dollar təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR