Sergey Şoyqu: “Rusiya Suriyaya yeni hücum silahları verə bilər”

Sergey Şoyqu: “Rusiya Suriyaya yeni hücum silahları verə bilər”
# 30 may 2013 12:58 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu verib.

Onun sözlərinə görə, Avropa Birliyinin Suriya müxalifətinə qarşı silah embarqosunun aradan qaldırılması qərarı düzgün deyil: “Biz də Suriyaya silah satışı ilə bağlı mövqeyimizə yenidən baxacağıq. Hər qərarın iki tərəfi var. Əgər bir tərəf qadağaları qaldırırsa, digər tərəf də verdiyi köhnə sözlərə yenidən baxmaq üçün özünü azad hiss edə bilər”.

Qeyd edək ki, rəsmi Moskva Suriya hökumətinə silah satışını köhnə müqavilələr əsasında apardığını bəyan etmişdi. Avropa Birliyinin Suriya müxalifətinə qarşı silah embarqosunun aradan qaldırılması qərarından sonra isə Rusiya Suriya hakimiyyətinə yeni silah sata biləcəyini bəyan edib.

Rusiyanın 2010-cu ildə bağlanmış müqavilələr çərçivəsində Suriyaya ümumilikdə 900 milyon ABŞ dolları dəyərində 6 ədəd “S-300” zenit raket kompleksi satdığını bildirməsi Qərb ölkələrinin kəskin etirazına səbəb olub. Rusiyalı hərbi ekspert Leonid Sajin bildirib ki, Rusiyanın Suriyaya təkcə “S-300” zenit raket kompleksi deyil, gözlənilməz olan “İsgəndər” raketlərinin də verilməsi gündəmə gələ bilər. “Rosoboroneksport”dakı mənbə isə Suriyaya satılan “S-300”lərin hələ də göndərilmədiyini söyləyib: “Bununla bağlı Suriya ilə müqaviləmiz var. Müqaviləni yerinə yetirmək məcburiyyətindəyik. “S-300” zenit raket komplekslərinin artıq Suriyada olması ilə bağlı Qərb mətbuatında yer alan iddialar yalandır. Bu gün Suriyada bircə dənə də “S-300” zenit raket kompleksi yoxdur”.

Bununla belə, Suriya prezidenti Bəşər Əsəd Rusiyadan “S-300” hava hücumundan müdafiə sisteminin ilk partiyasını aldıqlarını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR