Heydər Əsədov Gürcüstanın kənd təsərrüfatı naziri ilə görüşüb

Heydər Əsədov Gürcüstanın kənd təsərrüfatı naziri ilə görüşüb
# 06 noyabr 2013 10:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycanda səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivlərinin müzakirəsi olub.

Nazir H.Əsədov Azərbaycan və Gürcüstan arasında tarixən formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirib. Azərbaycanlı nazir yeni sitruslar, çay və üzüm sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssisələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadə imkanları və Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcminin artırılması üzrə səylərin artırılması ilə bağlı təkliflər irəli sürüb.

Nazir H.Əsədov Azərbaycan və Gürcüstanın aqrar sahədə elmi-araşdırma institutları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanması və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gürcüstanın aparıcı ali məktəbləri və elmi mərkəzlərində təcrübə keçməsi ilə bağlı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiya isə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR