Əli Abbasov İranın birinci vitse-prezidenti ilə görüşüb

Əli Abbasov İranın birinci vitse-prezidenti ilə görüşüb
# 19 iyun 2014 11:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İranda rəsmi səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə İ. Cahangiri bildirib ki, İran öz xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir.

Vitse-prezident bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin yüksəldilməsi üçün zəruri addımlar atılmalıdır. Azərbaycan prezidentinin İrana səfərinə toxunan İ.Cahangiri qeyd edib ki, dövlət başçılarının apardıqları müzakirələr əlaqələrin dərinləşməsinə böyük imkan yaradıb: “Bu səfər rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açıb”.

Ə. Abbasov İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinə görə minnətdarlığını bildirib. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir deyib ki, məsələnin sülh yolu ilə həll olunması üçün fəaliyyət göstərən vasitəçilərin missiyası hələ ki, heç bir nəticə verməyib.

İranda keçirdiyi görüşlərdən və apardığı danışıqlardan məmnun qaldığını vurğulayan Ə.Abbasov deyib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində özəl sektorun təmsilçiləri də vardır və onlar iranlı həmkarları ilə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını araşdırırlar.

Nazir qeyd edib ki, yaxın vaxtlarda Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclası keçiriləcəkdir və bu iclasda ticarət dövriyyəsinin artırılması məsələsinə baxılacaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR