NATO baş katibi Rusiyanı Ukraynaya hərbi təcavüzdə ittiham edib

NATO baş katibi Rusiyanı Ukraynaya hərbi təcavüzdə ittiham edib
# 11 aprel 2014 02:45 (UTC +04:00)

“Biz Rusiyanın Ukraynaya qarşı açıq-aydın hərbi təcavüz həyata keçirməsini pisləyərək, Rusiyanı üzərinə götürdüyü və pozmaqda davam etdiyi beynəlxalq öhdəliklərə əməl etməyə çağırdıq”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, baş katib bunu ötən gün Praqada Çexiya prezidenti və baş naziri ilə Ukrayna böhranını müzakirə edərkən bəyan edib.

Baş katibin sözlərinə görə, o və Çexiya rəsmiləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər.

“Rusiya öz addımlarına guya rusdilli əhalinin Ukrayna hakimiyyətinin təzyiqinə məruz qalması ilə haqq qazandırmağa çalışır və NATO-nu “soyuq müharibə”yə başlamaqda ittiham edir”, deyə baş katib qeyd edib və Rusiyanın arqumentlərinin Ukrayna hakimiyyətini nüfuzdan salmağa, həqiqəti gizlətməyə və özünün qanunsuz addımlarından diqqəti yayındırmağa hesablanmış təbliğat adlandırıb.

NATO baş katibi bəyan edib ki, hazırda Ukrayna sərhədi boyu Rusiyanın 40 minlik ordusu cəmləşib və NATO daim Rusiya ordusunu peyk vasitəsilə izləyir.

Rasmussen həmçinin Rusiyanı Şərqi Ukraynada milli ayrıseçkilik, bölücülük yaratmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə ittiham edib.

“Rusiya hərbi gücdən istifadə edərək Ukraynanın federativ və neytral dövlətə çevrilməsini diktə etməyə çalışır. Lakin belə bir qərarı yalnız suveren dövlət olan Ukrayna verə bilər, başqa heç kim verə bilməz”, deyə o vurğulayıb.

“Mən Praqadan Rusiyaya müraciət edirəm. Rusiyanın öz hərəkətlərinə görə günahını digərlərinin üzərinə yıxmağa, ordunu sərhəddə cəmləşdirməyə və böhranı gərginləşdirməyə son qoymaq və həqiqi dialoqa başlamaq kimi seçimi var. Əks təqdirdə Rusiyanı beynəlxalq təcrid gözləyir. Bu isə heç kimin marağında deyil. Heç kim yeni “soyuq müharibə” istəmir”, deyə baş katib əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR