BP və UNİCEF Azərbaycanda təhsil sahəsində əməkdaşlıq anlaşma memorandumu imzalayıb - FOTO

BP və UNİCEF Azərbaycanda təhsil sahəsində əməkdaşlıq anlaşma memorandumu imzalayıb - <span style="color: red;">FOTO
# 19 iyun 2014 17:09 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından çıxış edən BP və UNİCEF planlaşdırılan böyük təhsil təşəbbüsü çərçivəsində əməkdaşlıq anlaşma memorandumu imzalayıb.

“Təhsil sahəsində tərəfdaşlar” adlı sənədin ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək olması nəzərdə tutulub. Memorandum hər iki tərəfə imkan verir ki, birlikdə digər maraqlı tərəflərlə, o cümlədən Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə yeni effektiv məktəb modellərinin hazırlanması üzərində işləsin. Layihə xüsusən BP-nin əməliyyatçısı olduğu BTC və CQBK boru kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni geniş əhatəli məktəb modellərinin yaradılmasını əhatə edir.

Layihənin dörd komponentdən ibarət olması planlaşdırılır. Bunlar Ailə Təhsil Mərkəzləri (məktəbəqədər yaşlı uşaqların ilkin vərdiş və bacarıqlara yiyələnməsi üçün), hər kəs üçün bərabər təhsil imkanı (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbdə təhsil alma imkanı), təbii fəlakətlərə hazırlıq, gigiyena və sanitariyadır.

Layihənin yekunda təhsil sistemini təkmilləşdirərək təhsildəki nəticələri yüksəldən və təhsilin keyfiyyətini artıran nümunəvi modellər yaradacağı gözlənilir.

Anlaşma memorandumu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard tərəfindən imzalanıb. Bundan əlavə, UNİCEF hökuməti təmsil edən iki maraqlı tərəf - Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə layihənin hər bir iştirakçısının vəzifələrini təsvir edən fəaliyyət planları imzalayıb.

Memorandumun imzalanması mərasimində çıxış edən Q. Birrel deyib ki, bu tərəfdaşlıq öz məqsədinə çatdığı təqdirdə, müvafiq regionlarda yeni və effektiv icma əsaslı məktəb modelinin yaradılmasına, beləliklə də, Azərbaycan gəncləri üçün imkanların artırılmasına yardım etmiş olacaq: “Bizim üçün uğur bu yeni modellərin real həyatda özünü doğrultduğunu və bütün Azərbaycanda davamlı təməl üzərində tətbiq olunduğunu görmək olacaq”.

M. Herevard isə bildirib ki, UNİCEF uşaqların bəhrələnə biləcəyi nəticələrə nail olmaq, onların hüquqlarını reallaşdırmaq üçün tərəfdaşlıqların son dərəcədə əhəmiyyətli olduğuna inanır: “Biz Azərbaycandakı uşaqların təhsil almalarına yardım etmək üçün çox yaxşı məktəb modellərinin yaradılması istiqamətində hökumət və BP şirkəti ilə əməkdaşlıq etmək imkanı əldə etdiyimizə görə çox şadıq”.

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik K. Heydərov çıxışında bildirib ki, FHN 2012-ci ildən BMT və onun təşkilatları ilə əməkdaşlıq edir. Nazir bu layihənin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, layihə təhsil sahəsində FHN, Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və BP arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaq.

K. Heydərov qeyd edib ki, layihə çərçivəsində nəzərdə tutulan komponentlərin tətbiqi yerlərdə təbii fəlakətlərə hazırlıq səviyyəsini artıracaq.

Təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycanda həyata keçirilən təhsil layihələrindən danışıb. O bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb, dövlətin təhsilə göstərdiyi qayğını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR