Türkiyə investorları Azərbaycanın süd məhsulları bazarına maraq göstərir

Türkiyə investorları Azərbaycanın süd məhsulları bazarına maraq göstərir
# 17 dekabr 2013 14:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Türkiyə İqtisadiyyat Nazirliyinin başçılığı ilə «Qablaşdırılmış süd və süd məhsulları Sənayeçilər Birliyi»nin (ASÜD) üzvləri ilə görüş keçirilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), 20-dən artıq Türkiyə şirkəti və Azərbaycanda fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi əlaqələrə toxunan ASK prezidenti Məmməd Musayev iki ölkə arasında əlaqələrin gündən-günə inkişaf etdiyini söyləyib. M.Musayev bildirib ki, son illər ölkəmizə investisiya yatıran xarici şirkətlər arasında Türkiyə şirkətləri qabaqcıl yer tutur.

M.Musayev iki ölkə sahibkarlarının süd və süd məhsullarının istehsalı sahəsində qarşılıqlı əməkdaşlığın davamı üçün ASK-nın lazımi dəstək verəcəyini vəd edib. Konfederasiyanın nəzdində «ASK Biznes Konsaltinq» MMC-nin fəaliyyətə başlaması və bu qurumun xarici şirkətlərin ölkəmizdə qeydiyyatdan keçməsinə və digər məsələlərin həllinə köməklik edəcəyi qonaqların nəzərinə çatdırılıb. Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün elektron müraciət vasitəsilə qeydiyyatdan keçməyin mümkünlüyü, türkiyəli iş adamlarının fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradıldığı barədə məlumat verilib.

ASÜD-ün sədri Harun Çallı deyib ki, Azərbaycanda süd və süd məhsullarına olan tələbatı araşdırmaq, bu sahədə çalışan yerli iş adamları ilə birgə işgüzar əlaqələr qurmaq niyyətindədirlər. O, bu sahədə Türkiyənin zəngin təcrübəyə malik olduğunu qeyd edib. Bildirib ki, Türkiyədə istehsal olunan süd məhsulları keyfiyyətinə görə dünyada ilk yerlərdən birini tutur: «Son 3 ildə süd və süd məhsulları istehsalı sahəsində 40% artım qeydə alınıb. Ötən il isə Türkiyədə 17,4 mln. ton süd istehsal olunub. Türkiyəli iş adamları Azərbaycanda da bu təcrübəsini bölüşmək, ortaq şirkətlərin təməlini qoymaq niyyətindədir».

Türkiyə nümayəndə heyəti Azərbaycanda əsasən dondurma sahəsində istehsal müəssisələrinin sayının artırılmasının tərəfdarı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR