Gürcüstandan hər gün uzaqlaşan Cənubi Osetiya... - REPORTAJ - FOTOSESSİYA

Gürcüstandan hər gün uzaqlaşan Cənubi Osetiya... - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">FOTOSESSİYA
# 27 sentyabr 2013 15:18 (UTC +04:00)

Tiflis. Disi, Dvani. Viktoriya Dementyeva – APA. Özünü müstəqil dövlət elan etmiş Cənubi Osetiya yeni hasarlar ucaldaraq öz sərhəd xəttini irəli çəkməyə davam edir. Cənubi Osetiya ilə Gürcüstanın digər hissəsi arasındakı ayırıcı zonada qalmış yaşayış məntəqələrinin sakinləri isə öz əmlaklarını və əkin sahələrini itirirlər.

Gürcülərin yaşadığı Dvani kəndinin 72 yaşlı sakini Givi bəzi digər həmkəndliləri kimi tikanlı məftillərin o tayında qalıb öz doğmalarından ayrı düşə bilər. 2008-ci il sentyabrın 22-də onun evi yandırılıb və həmin vaxtdan bəri qohumlarının evində yaşayır. Sakinlər kəndin onlardan ayrı – Cənubi Osetiya tərəfdə qalan digər hissəsi ilə əlaqəni itirmir. “Münasibətlərimiz çox yaxşıdır, biz dostuq. Mənə sərhədin qabağa çəkiləcəyini və evimin o tayda qalacağını onlar xəbər vermişdilər”, - deyə Givi söyləyir. İndi o, öz əmlakının qalan hissəsini Cənubi Osetiyanın tam nəzarətinə keçmədən xilas etmək istəyir.

Cənubi Osetiya ərazisinin başlandığını göstərən yol işarəsinə əsasən sərhəd xətti Gürcüstanın içərilərinə doğru daha 50 metr “irəliləyəcək”.

Son aylar ərzində Cənubi Osetiya ilə Gürcüstanın digər hissəsi arasında tikanlı məftillər və hasar çəkilməsi haqda dövri olaraq informasiyalar yayılır. Bu yaxınlarda Qori rayonunun Disi, ötən həftə isə Dvani kəndində belə bir hasar peyda olub. Əvvəl “sərhəd” boş bir ərazidən başqa bir şey deyildi. Müharibə nəticəsində əkin sahələri o tərəfdə qalmış insanlar asanlıqla ora gedib-gələ bilirdilər.

Gürcüstan qanunvericiliyi və beynəlxalq hüquq baxımından ayırıcı xətti keçmək qanun pozuntusu deyil, çünki Cənubi Osetiya Gürcüstanın tərkibinə daxildir. Cənubi Osetiya “hökuməti” isə bunu “dövlət sərhədlərinin pozulması” kimi qiymətləndirir, saxlanılan şəxsləri həbs edir və cərimələyir.

Tanınmamış Cənubi Osetiyanın “Xarici İşlər Nazirliyi” bəyan edir ki, onlar “dövlət sərhədinin haradan keçdiyini yerində müəyyən etmək” üçün iş aparırlar. Rusiya bu işi tam dəstəkləyir. Cənubi Osetiya tərəfi ayırıcı xətti keçmə qaydalarını sərtləşdirməyi də planlaşdırır, xüsusən bir sıra nəzarət-buraxılış məntəqələrindən nəqliyyatın buraxılmasının qadağan olunması və daşınan yüklərin maksimum 50 kiloqram həcmində məhdudlaşdırılması nəzərdə tutulur. Bu qaydalar sentyabrın 18-də qüvvəyə minməli idi, lakin dekabrın 1-nə qədər təxirə salınıb.

Avropalı müşahidəçilərin fikrincə, bu qaydalar təcrid olunmuş ərazilərdə yaşayanlara mənfi təsir edəcək. Avropa Birliyinin Monitorinq Missiyası (EUMM) ərazidə bütün sutka boyu monitorinq aparır. Onları 2008-ci ildə imzalanmış atəşkəs sazişinin şərtlərinə əməl olunması, ərazidə patrul funksiyası yerinə yetirilməsi və münaqişə tərəfləri arasındakı görüşlərin istiqamətləndirilməsi missiyasını həyata keçirir. EUMM-dən bildiriblər ki, bəzi yerlərdə hasarların tikilməsi və sərhəd xəttinin irəli çəkilməsi barədə onlara məlumatlar daxil olub, lakin bu barədə hərtərəfli informasiya toplamaq zəruridir.

Dvani və Disi kəndlərində hasarların tikilməsi ilə əlaqədar NATO-nun baş katibi Anders Foq Rasmussen bəyanatla çıxış edib. O bildirib ki, bu addımlar Rusiyanın beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə tam ziddir.

Lakin belə görünür ki, beynəlxalq ictimaiyyət NATO baş katibinin simasında Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərilməsini tələb edərkən Cənubi Osetiya öz sərhədlərini fiziki olaraq nişanlamaq üçün bütün addımları atacaq...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR