Suriya konfransına dəvət olunmuş dövlətlərin siyahısı açıqlanıb

Suriya konfransına dəvət olunmuş dövlətlərin siyahısı açıqlanıb
# 21 dekabr 2013 12:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Yanvarın 22-də Suriya böhranının həlli məqsədilə İsveçrənin Montrö şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq konfransa dəvət edilmiş ölkələrin siyahısı açıqlanıb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Əhzar İbrahimi bildirib ki, tədbirdə ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya, Kanada, Türkiyə, İtaliya, Yaponiya, Əlcəzair, Braziliya, Danimarka, Misir, Hindistan, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan, Mərakeş, Norveç, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Cənub Afrika Respublikası, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) iştirak edəcək. «Bundan əlavə, BMT, Ərəb Dövlətləri Liqası (ƏDL), Avropa Birliyi (AB) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da beynəlxalq və regional qurumlar kimi konfransa dəvət edilib. Artıq tədbirə dəvət ediləcək ölkələrlə bağlı siyahıda yalnız bir ölkənin adı qalıb», - deyə ƏDL nümayəndəsi bildirib.

Ə.İbrahimi deyib ki, artıq Suriya hökuməti də onu təmsil edəcək nümayəndə heyətini müəyyənləşdirib: «Ancaq bununla belə, hələlik bir siyahı təqdim etməyib. Suriya müxalifləri isə hələlik nümayəndə heyəti müəyyənləşdirə bilməyiblər».

Bu arada ABŞ Dövlət Departamenti İranın Suriya konfransına qatılmasının heç bir müsbət təsiri və faydası olmayacağını açıqlayıb. ABŞ-ın adının açıqlanmasını istəməyən bir rəsmisi isə İranın Suriya böhranı ilə bağlı Cenevrədə keçirilmiş ilk konfransın bəyannaməsini qəbul etmədiyi üçün növbəti tədbirə dəvət olunmadığını söyləyib: «Ancaq İranın da Suriya böhranı ilə bağlı müzakirələrə qatılması mövzusunda görüşlər davam edəcək. Lakin görüşlərin başlaması üçün bir çox yol var. Bunun üçün İranın Suriyadakı hərbi kontingentini bu ölkədən geri çəkməsi və maliyyə yardımından imtina etməsi lazımdır».

Suriyanın baş naziri Vail əl-Həlqi isə İranın konfransa qatılmasının bir zərurət olduğunu vurğulayıb: «Ancaq indiyədək Suriya konfransına qatılması üçün İrana hər hansı bir dəvət məktubu göndərilməyib. Lakin bölgə hadisələri üzərindəki fəaliyyəti və təsirindən dolayı İranın bu konfransa qatılması qaçılmaz bir zərurətdir».

İspaniyanın baş naziri Mariano Rajoy Suriya müxaliflərinin konfransdan əvvəl Kordoba şəhərində bir araya gələcəklərini açıqlayıb. Məqsədin Suriya hökuməti ilə əlaqələrini qoruyub saxlaya bilən müxaliflərlə ittifaq qurmaq olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR