Respublika Diaqnostika Mərkəzinin baş direktoru: “Azərbaycan səhiyyəsində daha bir uğura imza atılıb” - FOTO

Respublika Diaqnostika Mərkəzinin baş direktoru: “Azərbaycan səhiyyəsində daha bir uğura imza atılıb” - <span style="color: red;">FOTO
# 20 sentyabr 2013 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu il Azərbaycan səhiyyəsində daha bir uğura imza atılıb. Azərbaycanda və Qafqaz regionunda ilk dəfə olaraq Respublika Diaqnostika Mərkəzi tibbi laboratoriyalar üzrə dünyada ən yüksək standartı olan İSO 15189 standartını tətbiq etməyə və müvafiq standartı almağa nail olub. Bu mərkəz həmin standart əsasında tibbi laboratoriyaların akkreditasiya üzrə dünyanın ən nüfuzlu təşkilatı olan Laboratoriyaların Beynəlxalq Akkreditasiyası Birliyi-İLACtərəfindən akkreditasiya olunub”.

APA-nın xəbərinə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında RDM-nin baş direktoru Elşad Məmmədli məlumat verib. O bildirib ki, İSO 15189 standartının tətbiqi, laboratoriyanın işinin keyfiyyətinə böyük zəmanət verir.

E. Məmmədlinin sözlərinə görə, İSO 15189 standartını tətbiq edən laboratoriyalarda laborator müayinələrin cavablarının qeyri-dəqiq alınmasına gətirib çıxara biləcək amillər, mütəxəssis səhvi, cihazların nasaz, reagentlərin yararsız olması kimi faktorlarla bağlı risklər aradan qalxır.

Baş direktor qeyd edib ki, laboratoriyalarda müayinələrin nəticələrinin səhv olması insan faktoru-mütəxəssislərin bilik səviyyəsinin yetərincə olmaması, cihazların müəyyən tələblərə cavab verməməsi, reaktivlərin yararsız olması ilə bağlıdır: “Çox təəssüf ki, bəzən bazar iqtisadiyyatı qanunlarından istifadə edərək tibb xidmətində, laboratoriyalarda daha ucuz materiallarından istifadəyə yol verilir. Bu da qeyri-dəqiq nəticələrin ortaya çıxmasına səbəb olur. Xəstənin özünün müalicəsi nöqteyi-nəzərdən düşünürük ki, səhv nəticə olmaqdansa heç bir nəticənin olmaması daha üstündür. Laboratoriyalara inamın azalmasının subyektiv və obyektiv səbəbləri var. Biz də tibb mütəxəssisləri olaraq insanların bu etimadsızlığını qırmaq fikrindəyik”.

Konfransda bildirilib ki, 4 il ərzində hər il İLAC tərəfindən mərkəzə nümayəndə heyəti göndəriləcək və burada audit aparılacaq. Bununla da mərkəzdə müvafiq sertifikatın standartlarına nə dərəcə əməl olunması müəyyənləşəcək.

Tədbirin sonunda Respublika Diaqnostika Mərkəzinin yeni istifadəyə verilmiş internet saytının (www.rmdm.az) təqdimatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR