Müəllim işləmək üçün bölgələrdən Bakıya yerini dəyişmək istəyənlərin sayı artır

Müəllim işləmək üçün bölgələrdən Bakıya yerini dəyişmək istəyənlərin sayı artır
# 02 iyun 2014 13:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi ilə bağlı müəyyən yenilikləri açıqlayıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bu gün keçirilən mətbuat konfransında deyib ki, müəllimlərin işə qəbulu qaydaları və yerdəyişməsi təhsil nazirinin əmri ilə tənzimlənir. Müəllimlərin işə qəbulunun 3 mərhələdə aparıldığını deyən İ.Nağıyev qeyd edib ki, ilkin mərhələdə müəllimlərin bir şəhər və rayon daxilində iş yerini dəyişməsi həyata keçirilib: “Hazırda müəllimlərin bir şəhərdən digərinə yerinə dəyişməsi ilə bağlı sənədlərin qəbulu aparılır. Namizədlər yerini dəyişmək üçün bu gündən “Elektron ərizələri” doldururlar. Ərizə qəbulu başa çatandan sonra onlarla müsahibə aparılacaq. Əgər hər hansı vakansiya 1-dən artıq namizəd sənəd verərsə, onların peşəkar bilikləri ilə bağlı qiymətləndirməsi də olacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda müəllimlərin işə qəbulu üzrə 2600-ə yaxın vakant yer elan olunub. Onun sözlərinə görə, müəllimlərin yerdəyişməsi prosesi aparılandan sonra həmin yerlər bir daha təhlil olunacaq və yəqin ki, yerlərin sayında müəyyən azalma olacaq. İyulun 1-dən 15-dək təkrar vakant yerlər elan olunacaq. İ.Nağıyev qeyd edib ki, hazırda Azərbaycanda ən çox yerini dəyişmək istəyənlər ibtidai sinif müəllimləridir: “Bölgələrdən Bakıya yer dəyişmək istəyən müəllimlər çoxdur. İnanırıq ki, müsabiqənin nəticəsi olaraq ən layiqli namizədlər yerlərini dəyişəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR