Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib
# 24 aprel 2014 07:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dünya İqtisadi Forumu İKT ilə bağlı hesabatını açıqlanıb.

Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmişə MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb.

Azərbaycan “Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir. Eyni zamanda "Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.

Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanıb və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutub. MDB-də lider olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur.

Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlayıb. Həmçinin, Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR