Azərbaycan XİN: “Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

Azərbaycan XİN: “Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
# 25 yanvar 2014 15:13 (UTC +04:00)

XİN –in mətbuat xidmətindən APA – ya verilən məlumata görə, açıqlamada qeyd olunur ki, son günlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı təxribat əməllərinin törədilməsi və atəşkəs rejiminin intensiv şəkildə pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Elnur Cəfərov snayper atəşi ilə qətlə yetirilib, bir nəfər mülki şəxs yaralanıb, dərs saatlarında orta məktəb binası atəşə tutulub və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan mülki əhalinin evləri və şəxsi təsərrüfatları kütləvi atəşə məruz qalıb:

“Təxribat xarakterli əməllərini davam etdirərək və hədələrlə dolu bəyanatlarla çıxış edərək, məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən Ermənistanın indi “etimad quruculuğu tədbirlərindən və “sülh”dən danışması yalnız beynəlxalq ictimaiyyəti və Ermənistan cəmiyyətini cəbhə xəttində baş verən hadisələr barəsində aldatmaq və hadisələrin həqiqi mahiyyətindən yayınmaq məqsədi daşıyır”.

Nazirliyin açıqlamasında qeyd edilir ki, cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Azərbaycan ərazisini işğal edən və Azərbaycana qarşı təcavüz siyasəti yürüdən dövlət kimi, bilavasitə Ermənistanın üzərinə düşür:

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsi əsas gərginlik mənbəyi olaraq, münaqişənin sülh yolu ilə həllinə və regionda sülhün bərqərar olmasına başlıca maneədir.

Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi tam şəkildə aydındır. Bu beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu regionda sülh və sabitliyin bərqərar olunması üçün ən qısa və səmərəli yoldur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR