AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib
# 13 fevral 2014 08:03 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi-müəssisə və təşkilatlarında viki-qrupların təşkili istiqamətində qarşıya qoyulan məqsədlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Vikipediya internet portalında Azərbaycanın qədim tarixi, mədəni irsi və arxeologiyası barədə məlumatların düzgün və əhatəli şəkildə yerləşdirilməsinin zəruriliyi müzakirə olunub. İnstitutda viki-mühitin Azərbaycan arxeologiyası və etnoqrafiyası ilə bağlı hissəsinin zənginləşdirilməsi, onların qorunması və inkişafı məqsədi ilə İşçi Qrupu yaradılıb.

İşçi Qrupu tərəfindən viki-mühitdə yer alan arxeoloji və etnoqrafiya sahəsinə aid materiallar nəzərdən keçiriləcək, mütəmadi olaraq Azərbaycan arxeologiyası və etnoqrafiyasında olan elmi nailiyyətlər, arxeologiyanın görkəmli şəxsiyyətləri, onların əsərləri və arxeoloji abidələr haqqında məlumatlar “Wikipedia” ensiklopediyasına yerləşdiriləcək.

Qeyd edək ki, “Wikipedia” ensiklopediyasında son zamanlar Azərbaycan axeologiyası ilə bağlı bir sıra həqiqətə uyğun gəlməyən materiallar yer alıb. İşçi Qrupu bu cür yalan məlumatların qarşısını almaq, doğru və dolğun elmi məlumatların yerləşdirilməsi, elmi nailiyyətlərin dünya və Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində işlər görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR