Əli Həsənov: “Bəzi ölkələrin humanitar təşkilatları bəzən pozuculuq, dini ayrı-seçkilik və digər istiqamətlərdə iş aparıblar” - FOTO

Əli Həsənov: “Bəzi ölkələrin humanitar təşkilatları bəzən pozuculuq, dini ayrı-seçkilik və digər istiqamətlərdə iş aparıblar” - <span style="color: red;">FOTO
# 20 iyun 2014 13:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

APA-nın verdiyi məlumata görə, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson tədbiri giriş sözü ilə açıb.

Daha sonra Azərbaycanda məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş film nümayiş etdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında deyib ki, 14 il əvvəl BMT Baş Assambleyası tərəfindən 20 iyunun Ümumdünya Qaçqın Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Əsas məqsəd beynəlxalq ictimaiyyətin ən azı ildə bir dəfə dünyada belə bir problemin olduğunu yada salmasıdır. Ə.Həsənov qeyd edib ki, BMT qurumları arasında ən vacibi, əhəmiyyətlisi BMT QAK-dır, bu qurum yurdlarından didərgin düşmüş insanların problemləri ilə məşğuldur. Onun sözlərinə görə, BMT QAK Azərbaycanla həmişə ciddi əməkdaşlıq edib, Azərbaycana xüsusi diqqət göstərilib: “Azərbaycanda bəzi ölkələrin humanitar təşkilatları bəzən Nizamnamələrindən kənara çıxıb, pozuculuq, dini ayrı-seçkilik və digər istiqamətlərdə iş aparıblar. Azərbaycan da qanunlar çərçivəsində buna cavab verib. BMT qurumları heç vaxt belə hərəkətlərə yol verməyiblər”.

Ə.Həsənov BMT QAK-ın məcburi köçkünlərin problemləri ilə də məşğul olmasının mühüm addım olduğunu qeyd edib. O bildirib ki, BMT QAK-ın Azərbaycan nümayəndəliyi Azərbaycanla uğurla əməkdaşlıq edib: “1990-cı illərdə humanitar təşkilatlar olmasaydı, Azərbaycanda humanitar böhran yaranardı. Çünki o vaxt Azərbaycan iqtisadiyyatı çox zəif durumda idi. Həmin vaxt humanitar təşkilatlar 80-90 milyon dollar yardım edirdilər. O vaxt Azərbaycan hökumətinin 1 milyon dollar ayırmağa da imkanı yox idi. Bu gün Azərbaycan dövlətinin imkanları daha genişdir. Azərbaycan hökuməti hər il qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 700 milyon manat sərf edir”.

Dövlət Komitəsinin sədri son 10 ildə Dövlət Neft Fondunun vəsaitlərindən qaçqın və məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, sosial problemlərinin həlli istiqamətində istifadə edildiyini söyləyib. O, son 22 ildə Azərbaycana dəstək verən humanitar təşkilatlara təşəkkür edib: “Azərbaycan hökuməti hazırda qaçqın və məcburi köçkünlərin problemlərini həll etməyə qadirdir. Bəs nə üçün hazırda 30-dan çox humanitar təşkilat Azərbaycanda fəaliyyət göstərir, qeydiyyat üçün növbədə olanlar da var? Çünki Azərbaycan MDB məkanında ictimai-siyasi sabitliyi, qazandığı uğurlarla seçilir”.

Ə.Həsənov hazırda Azərbaycanın donor ölkəyə çevrildiyini vurğulayıb: “İndi Azərbaycan hökuməti humanitar sahədə borcunu qaytarır, zəlzələ, münaqişə olan ölkələrdə donor qismində çıxış edir. Heydər Əliyev Fondu da bu sahədə aktivdir. Eyni zamanda Heydər Əliyev Fondu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında aktiv iştirak edir. Bu gün bütünlüklə Türk Dünyası bu problemin həlli istiqamətində çalışır”.

Daha sonra BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson dünyada qaçqınların durumu ilə bağlı çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR