Ötən il Azərbaycanda sənayenin qeyri-neft bölməsində 5% artım olub

 Ötən il Azərbaycanda sənayenin qeyri-neft bölməsində 5% artım olub
# 27 yanvar 2014 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanın sənaye sektorunda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 mlrd. manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft bölməsində 4,8%, neft bölməsində isə 1,1% artım müşahidə olunub. Sənaye məhsulunun 74,0%-i mədənçıxarma, 20,1%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,4%-ni təşkil edib, ümumi istehsalın 93,1%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 6,9%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş sənaye məhsulunun əksər hissəsi istehlakçılara göndərilib, müəssisələrin anbarlarında 251,3 mln. manatlıq məhsul ehtiyatı qalıb. Ehtiyatların 65,0%-i Bakı, 9,6%-i Sumqayıt, 1,6%-i Gəncə, 1,4%-i Şirvan və 0,3%-i Mingəçevir şəhərləri, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında satış üçün nəzərdə tutularaq başqa müəssisələrdən alınmış 18,2 mln. manatlıq digər mallar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR