İran prezidenti iyunun 9-da Türkiyəyə rəsmi səfər edəcək

İran prezidenti iyunun 9-da Türkiyəyə rəsmi səfər edəcək
# 05 iyun 2014 11:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti iyunun 9-da Türkiyəyə rəsmi səfər edəcək.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi bildirib ki, Həsən Ruhaninin qonşu ölkəyə səfəri zamanı ən azı 6 əməkdaşlıq sazişi imzalanacaq: “Bu gün İran və Türkiyə arasında enerji başda olmaqla müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir. Enerji sektoru iki ölkə arasında gələcəkdə də ən mühüm əməkdaşlıq sahəsi olacaq. Türkiyə rəsmiləri İranın təbii qazı mövzusunda əməkdaşlığın artırılmasını da müsbət qarşılayırlar”.

Nazir İran təbii qazının Türkiyə üzərindən Avropaya ötürülməsi məsələsinə də toxunub: “Bu mövzuda keçmişdə bir sıra görüşlər həyata keçirilib. İndi də bu çərçivədə müzakirələr aparılır. İranın Avropaya təbii qazının Türkiyə üzərindən ötürülməsinin tərəfdarıyam”.

M.Vaizi deyib ki, İranla Türkiyə arasında əlaqələr inkişaf edir və yeni mərhələyə qədəm qoyub: “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana həyata keçirdiyi son səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi və mədəni məsələlərlə yanaşı, regional və beynəlxalq məsələlərlə də bağlı fikir mübadiləsi aparıldı və iki ölkə əlaqələrinin gələcəkdəki çərçivəsi müəyyənləşdirildi”.

Qeyd edək ki, M.Vaizinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin baş naziri, nəqliyyat, iqtisadi inkişaf, enerji, sənaye və xarici işlər nazirləri ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR